
Azərbaycan və Macarıstan geniş iqtisadi potensialı olan ölkələrdir. Bu da iqtisadi sahədə fəal əməkdaşlığa geniş imkanlar yaradır. İki ölkə arasında 2014-cü ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər bu sahədə əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Macarıstanın 21 şirkəti Azərbaycanın kənd təsərrüfatı, nəqliyyat, ticarət və xidmət sahələrində fəaliyyət göstərir. Ötən müddətdə Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları, Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.
İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində əhəmiyyətli dərəcədə artması da əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. Hazırda Azərbaycan və Macarıstan bir çox sahələrdə, o cümlədən, nəqliyyat, informasiya texnologiyaları, energetika, ticarət, kənd təsərrüfatı sahələrində uğurla əməkdaşlıq edir. Bununla belə, sadalanan sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanlar böyükdür. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə böyük maraq göstərən macar şirkətləri artıq bununla bağlı müvafiq layihələr təqdim edib.
Azərbaycanla Macarıstan arasında yeni biznes təşəbbüslərinin reallaşdırılması üçün də imkanlar genişdir. Bu təşəbbüslər isə yaxın vaxtlarda energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq və ticarət sahələrində əlaqələrin gücləndirilməsinə inamı artırır. Elə ölkəmizdə yaradılmış əlverişli infrastruktur və tətbiq olunan güzəştlər, eyni zamanda, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları macar şirkətlərinin ölkəmizin əlverişli biznes mühitindən yararlanmasına imkan yaradır.
Əminə Baloğlanova,
Xəzər rayonu, 26 №li məktəbin əmədaşı,