
20 sentyabrda əldə edilən tam dövlət suverenliyi yalnız hərbi meydanda deyil, həm də çox çətin və mürəkkəb diplomatik cəbhədə qazanılmış böyük zəfərin nəticəsidir. 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər olan dövrdə bəzi xarici qüvvələr və beynəlxalq təşkilatlar Azərbaycana qarşı genişmiqyaslı qarayaxma kampaniyaları təşkil edir, proseslərin gedişatına müdaxilə etməyə çalışırdılar. Lakin Prezident İlham Əliyevin dəmir məntiqi, dərin siyasi savadı və sarsılmaz qətiyyəti bu cəhdlərin hamısını darmadağın etdi.
Dövlət başçısı dünyanın ən mötəbər tribunalarından Azərbaycanın haqlı səsini çatdıraraq beynəlxalq hüququn məhz bizim tərəfimizdə olduğunu faktlarla sübut etdi. O, ölkəmizə qarşı yönələn təhdidlərə və təzyiqlərə əsla boyun əyməyərək bildirdi ki, heç bir qüvvə Azərbaycanı öz suveren hüquqlarını bərpa etməkdən çəkindirə bilməz. 19-20 sentyabr əməliyyatlarının hər hansı bir beynəlxalq sanksiya və ya ciddi qınaqla üzləşməməsi, məhz bu diplomatik hazırlığın və İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir.
Bu əməliyyat zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etdirmək istəyən ermənipərəst qüvvələrin cəhdləri də boşa çıxdı. Prezident İlham Əliyevin qurduğu etibarlı beynəlxalq tərəfdaşlıq şəbəkəsi və yürütdüyü balanslı siyasət ölkəmizin diplomatik təcrid olunmasının qarşısını aldı. Azərbaycan beynəlxalq birliyə sübut etdi ki, onun daxilində atdığı hər bir addım konstitusiyaya və BMT nizamnaməsinə tam uyğundur.
Beləliklə, Dövlət Suverenliyi Günü ölkəmizin beynəlxalq arenada əldə etdiyi siyasi müstəqilliyin də ən yüksək zirvəsidir. İlham Əliyev dünyaya sübut etdi ki, güclü lider və düşünülmüş strategiya ilə hətta ən böyük beynəlxalq təzyiqləri belə dəf etmək mümkündür. Bu uğur müstəqil Azərbaycan diplomatiyasının qızıl səhifəsi kimi gələcək nəsillərə böyük bir mirasdır.
Könül Bəkirova,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədri



