Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020 -ci il dekabrın 2-də imzaladığı sərəncama əsasən ölkəmizdə sentyabr ayının 27 anım günü qeyd edilir. Azərbaycan xalqı üçün 27 sentyabr tarixi çox əlamətdar, müqəddəs bir gündür. Otuz il torpaq həsrətilə yaşayan, şəhidlərin qanını yerdə qalmamasının haqq-hesab fürsətini səbirsizliklə gözləyən bir xalq üçün uzun illər arzuladığı bir sabah açıldı. Müzəffər Ali Baş Komandan 2020-ci il 27 sentyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edərək, hərbi əməliyyatların həyata keçirilməsinə qərar verilmişdir. Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını növbəti dəfə kobudcasına pozmasına cavab olaraq, Ali Baş Komandanımızın tarixi göstərişi ilə Rəşadətli Ordumuz genişmiqyaslı əks-hücüm əməliyyatlarına başlamışdır.
Müharibəni heç bir insan, heç bir xalq arzulamaz, lakin Azərbaycan xalqı üçün işğal altında olan torpaqların azad olunması, ərazi bütövlüyün bərpası, dədə-baba yurdlarından didərgin düşmüş və otuz ilə yaxın qaçqın, məcburi köçkün həyatını yaşayan insanları doğma ocaqlarına qaytarmaq üçün başqa yol qalmamışdır. Azərbaycan xalqı üçün ədalətin bərpa etmək məsələsində müharibə sonuncu çarə idi, ikili standartlar ilə yaşayan dünya birliyi ölkəmiz üçün başqa yol qoymamışdı. Azərbaycan illər boyu səbirlə, təmkinlə sülh danışıqlarına sadiq qaldı, məsələnin müharibəsiz, itkilərsiz həlli üçün bütün imkanları dəyərləndirdi, tətbiq etdi. Lakin dünya birliyi isə uzun illər ərzində Azərbaycan xalqına qarşı görülən bütün haqsızlıqlıqlara susdu, xalqımın kobud şəkildə taptalandığı hüquqlarına göz yumdu. Xüsusi qəddarlıqla minlərlə qətlə yetirilən insanlar, doğma torpaqların müdafiəsində canından keçən, şəhid olmuş qardaş və bacılarımız, övladlarının yolunu gözləyən minlərlə anaların fəryadı, yerlə-yeksan olmuş şəhərlər və digər yaşayış məntəqələri, talan edilmiş və dağıdılmış mədəniyyət ocaqları, dini abidələr və sair.
Ədalət mütləq bərpa olunmalı idi, Uca Tanrının haqq və ədalətin tərəfində olması xalqımız üçün sanki bir xeyir dua idi. “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq” deyən Ali Baş Komandan tarixi qərarını verərək, XX-XXI əsrlərin dünya tarixində misli görünməyən Qələbənin müəllifi oldu. Həm diplomatik müstəvidə, həm də iqtisadi sahədə olan nailiyyətlər Azərbaycan xalqının möhtəşəm zəfərini şərtləndirmişdir. 44 gün müddətində davam edən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Qarabağın incisi olan Şuşa şəhərini, 4 qəsəbəni, 286 kəndi həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində olan mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Rəşadətli Ordumuz Ermənistan ordusunu döyüşlərdə tam darmadağın etdi və uzun illər ərzində formalaşan “güclü ordu” mifini qısa bir zamanda puç etdi. “Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfüzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi qələbəyə qədər görülən işləri və möhtəşəm Zəfərin nəticəsini çıxışların birində təsvir etmişdir.
Cəmi 44 günə Dahi Sərkərdəmiz dəmir yumruğunun zərbəsi ilə Azərbaycan xalqının qanayan yarası olan Qarabağ münaqişəsini həll etdi. Tarixi missiyasının yerinə yetirməsi və regionda yeni bir reallıq yaradan Ali Baş Komandana, xalqımızın qəhraman əsgər və zabitlərinə bütöv Azərbaycan üçün dərin minnətdarlıq hissi yanaşacaq, tarixi Qələbəni xalqımıza bəxş etdikləri üçün onlarla daimi qürur duyacayıq. Son bir neçə əsrlik tariximizdə buna bənzər Zəfər olmamışdı, hətta dünya tarixində heçdə buna bənzər Qələbə olmamışdı! Qürur, fəxarət, iftixar, sonsuz minnətdarlıq hissləri məğrur xalqımız üçün əbədiyaşar olacaq.
Bu qurtuluş savaşında Azərbaycan xalqı minlərlə şəhid verdi, döyüşçülərimiz arasında itkin düşənlər, sağlamlığını itirənlər oldu. Torpaqlarımız işğaldan qəhraman övladlarımızın qanı, canı bahasına azad edildi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2908 nəfər hərbi qulluqçusu həlak olmuşdur, 6914 hərbi qulluqçusu yaralanmış, 6 hərbi qulluqçusu itkin düşmüş, 12 hərbi qulluqçusu əsir götürülmüş, 100 mülki şəxs həlak olmuş, 416 mülki şəxs yaralanmış, 3 mülki şəxs isə əsir götürülmüşdür.
Hər bir azərbaycanlının ürəyində Qarabağımızın yeri xüsusi, əziz idi, Vətən Müharibəsindən sonra isə şəhidlərimizin qanı ilə suvarılmış Qarabağ torpağın hər bir qarışı bizim üçün əzizdən də əziz, müqəddəsdir. O torpaqlar xalqımızın qürur və and yeridir. Həmin torpaqlarda Azərbaycan xalqının ləyaqətinin, qürurunun bərqərar olunmasının səlnaməsi qanla yazılmışdır… Azərbaycan Respublikasının Prezidenti 2022-ci il sentyabr ayının 27-də Anım günü münasibətilə xalqa müraciətində demişdi: “Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
Vaxtilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda indi yenidən həyat canlanır, insanlarımız sevinc hissi ilə Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmiş doğma yurdlarına qayıdırlar. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyətə malik, çağdaş tariximizin şərəfli səhifəsi olan şanlı Zəfərin hesabına bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Şəhidlərimizin qanı yerdə qalmadı, onların ruhları şad oldu.
Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində demişdi: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Sevinc Axundova,
Yeni Azərbaycan Partiyası Nəsimi rayonunun Bakı Slavyan Universiteti üzrə ərazi təşkilatının sədri, dosent