AnalitikaGündəm

Çiçəklənən Qubadlı

27 sentyabr 2020-ci il Azərbaycan xalqının şanlı tarixinə böyük hərflərlə yazıldı. 44 gün boyunca televiziya qarşısında Ali Baş Komandandan sevincli xəbər gözləyən xalqımız 25 oktyabrda da bu xəbəri sevinc göz yaşları içində qarşıladı: “Qubadlı şəhəri işğaldan azad olunub!” 30 illik həsrətin sonu idi bu xəbər. Qəlbində Vətən həsrəti, torpaq həsrəti daşıyan on minlərin ümidi oldu.

Qubadlı Azərbaycanın dilbər guşələrindən biridir. Bu rayon Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Rayon qərbdən 120 km məsafədə Ermənistanla həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Qubadlı zəngin bitki örtüyünə və faydalı qazıntılara malik rayondur. Burada geniş meşə sahəsi, əkin torpaqları mövcuddur. İşğala qədər Qubadlıda taxıl,üzüm,tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun təsərrüfat fəaliyyətinin əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. 1988-ci ildən başlayaraq Ermənistan və Dağlıq Qarabağla həmsərhəd olan Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayır, dinc əhaliyə qarşı terror törədilir. 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunur. İşğal nəticəsində 29997 nəfər məcburi köçkün öz yurd-yuvasını tərk edərək respublikanın müxtəlif bölgələrinə yerləşdirilir. Fərdi yaşayış evləri, məscidlər, körpülər, iki su anbarı, elektrik, su və qaz boru xətləri tamamilə dağıdılmışdır. Rəsmi İrəvan öz qanunsuz əməllərindən əl çəkməyərək xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdir. Xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdı.

25 oktyabr tarixi 44 günlük müharibənin gedişində dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi bir neçə gün çəkdi. Çünki düşmən şəhərə güclü istehkamlar qurmuşdu. Ordumuzun ilk vəzifəsi hər şeydən öncə yüksəklikləri ələ keçirmək idi. Məhz bu yüksəkliklərdən hərbçilərimizə atəş açılırdı. Bu əməliyyat xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu əvvəlcə şəhərə hakim olan strateji yüksəklikləri ələ keçirdi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən tamamilə təmizlədi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikasının 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

İşğaldan sonra azad edilmiş Qubadlının yeni inkişaf dövrü başlayıb. Artıq burada 7 yarımstansiya inşa olunub. 27 oktyabr 2021-ci ildə Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlıya dörd dəfə səfər etmişdir. 23 dekabr 2020-ci ildə Qubadlıda Azərbaycan bayrağını ucaltmış, 25 oktyabr 2021-ci ildə baş tutmuş səfərdə Xanlıq- Qubadlı yolunun təməlqoyma və “Qubadlı” yarımstansiyasının açılış mərasimində iştirak etmiş,eyni zamanda Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. 19 oktyabr 2022-ci ildə Cənab Prezident “Zabuxçay” və “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak məqsədilə Qubadlıya səfər etmişdir. Prezident İlham Əliyevin sonuncu səfəri isə 4 may 2023-cü ildə baş tutmuş, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq,Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimində iştirak etmişdir.

Hazırda Qubadlıda yenidənqurma işləri sürətlə davam etdirilir. Bu isə biz vətəndaşları ürəkdən sevindirir.

Cəfərova Ülviyyə,
Xəzər rayonu
, S. Abbasov adına 117 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button