Siyasət

Ceyhun Bayramov: Azərbaycanla ABŞ arasında çox intensiv dialoq mövcuddur

Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında bərabərlik, qarşılıqlı hörmət və enerji təhlükəsizliyi, beynəlxalq cinayətkarlığa qarşı birgə mübarizə, terrorçuluğa qarşı sülhməramlı əməliyyatlarda birgə əməkdaşlıq var. Eyni zamanda, ABŞ bəzi istiqamətlərdə Azərbaycanda bir sıra qurumların inkişafına əhəmiyyətli dərəcədə dəstək verir.

Aktualinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, Azərbaycanın çox uğurlu enerji siyasəti daha geniş coğrafiyada, Avropa qitəsində bir sıra ölkələrə töhfə verir. Azərbaycan bu sahədə son onilliklər ərzində çox etibarlı tərəfdaş hesab edilir. ABŞ-ın bu layihələrə böyük siyasi dəstəyi olub. ABŞ-ın şirkətləri bu işlərdə fəal iştirak edib.

“Bu gün də bu sahədə çox yaxşı əməkdaşlığımız var. Azərbaycanla ABŞ arasında çox intensiv dialoq mövcuddur. Hesab edirəm ki, il ərzində bölgədə dayanıqlı sülhün təmin edilməsi və vasitəçiliklə bağlı ABŞ tərəfindən bir sıra təkliflər gəlib. Bu il ABŞ Dövlət katibinin Prezident İlham Əliyevlə 9 telefon danışığı baş tutub. Dövlət rəsmilərinin Azərbaycana çoxsaylı səfərləri olub”, – deyə nazir bildirib.

Ceyhun Bayramov qeyd edib ki, ABŞ Dövlət katibinin iştirakı ilə Azərbaycanın rəsmi nümayəndə heyətinin sentyabr ayında görüşü olub, danışıqlar keçirilib. Azərbaycanın və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli telefon danışığı təşkil edilib. Bir sıra təşəbbüslər var və bu, sülh prosesinə də müsbət töhfə verir.

Azərbaycan və ABŞ arasında əməkdaşlığın böyük perspektivlərinin olduğunu diqqətə çatdıran nazir deyib: “Azərbaycan Respublikası bu məsələdə maraqlıdır. Çoxsaylı görüşlər və müzakirələr olub. Eyni zamanda, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Ermənistanın Təhlükəsizlik Şurası katibinin iştirakı ilə görüş keçirilib. 2023-cü ildə bu təmaslar daha da intensiv olacaq”.

Oxşar Xəbərlər

Back to top button