Cənub Qaz Dəhlizinin mühüm iqtisadi əhəmiyyəti var
Cənub Qaz Dəhlizinin təkcə neft-qaz sənayemizin deyil, ümumən xalqımızın tarixində xüsusi yeri və əhəmiyyəti var. Çünki “Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır.Cənub qaz dəhlizi”ndə yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihəyə qoşulmaq niyyətindədir. Yəni “Cənub qaz dəhlizi”nin hələ “qol”ları olacaq. Çünki Avropada Azərbaycan qazına tələbat var. Bu bizə ixrac imkanlarımızı getdikcə daha da genişləndirmək imkanı verir.“Cənub qaz dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd olunan gün Səngəçal terminalında qoyulub. Layihə geniş beynəlxalq əməkdaşlıq şəraitində gerçəkləşib. Odur ki, dörd seqmentdən ibarət bu nəhəng layihənin uğurla həyata keçirilməsi bütün iştirakçı dövlətlərin və şirkətlərin, geniş-miqyaslı işlərdə əməyi olan hər kəsin nailiyyətidir.Adətən belə qlobal layihələrin reallaşması çox vaxt tələb edir. Dörd hissəsinin hər birinin özlüyündə çox böyük bir layihə olduğunu nəzərə alsaq, “Cənub qaz dəhlizi”nin cəmi 6 ilə reallaşması əslində bir qələbədir. Onu da qeyd edək ki, 2015-ci ildən başlayaraq “Cənub qaz dəhlizi”nin ildə bir dəfə toplaşan Məşvərət Şurasının altı görüşünün hamısı Bakıda keçirilib. Bu da layihəyə Azərbaycanın liderlik etdiyinin daha bir təsdiqidir.Azərbaycan qazı yeni mənbədir və “Cənub qaz dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihədir. Bu layihənin həyata keçirilməsində maraqlar balansı gözlənilib, yəni iştirak edən bütün tərəflərin maraqları təmin edilib ki, bu da çox önəmli amildir.Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər. Azərbaycanın liderliyi ilə həyata keçirilən bu nəhəng beynəlxalq layihənin reallaşması Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Dövlət başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizinin icrasına 40 milyard dollardan çox sərmayə qoyulub. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu dərəcədə kapital qoyulması onun təkcə iqtisadi deyil, siyasi və geosiyasi əhəmiyyətini də göz önünə çəkir. Burada şübhəsiz ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olmasına olan inam da mühüm rol oynayıb.Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarla davam edəcək.Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır.Layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndirdi. TANAP və Cənub Qaz Dəhlizi Azərbaycanın həyata keçirdiyi təşəbbüsdür. Region hələ uzun müddət dövlətimizin başçısının siyasi iradəsi nəticəsində reallaşmış bu təşəbbüsdən faydalana biləcək və öz enerji təhlükəsizliyini formalaşdırmış olacaq.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı