Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir
Bu gün dünyada cərəyan edən gərgin siyasi və ictimai proseslər fonunda bir sıra hökumətlərin siyasəti ucbatından xeyli sayda gənc qadın və kişiyə öz potensiallarını tam şəkildə realizə və inkişaf etdirmək imkanı verilməyib. Belə ki, əlverişsiz mənzil şəraiti, təhsil və təlimə məhdud, irqçi və qərəzli çıxış, məhdud məşğulluq imkanları, cinayət və zorakılığın yüksək səviyyəsi kimi mənfi tendensiyalar bu məsələdə, sadəcə, bir neçəsidir. Bundan əlavə, bir sıra hökumətlər gənc qadınların və kişilərin ehtiyaclarını ödəmək üçün heç bir xüsusi siyasət və ya sistemli proqram hazırlamayıb. Nəzərə alsaq ki, yeni dünya nizamında gənclər qlobal trendləri yaxından izləməklə yanaşı, mənfi maraq qruplarının təsir dairəsinə daha tez düşməyə meyillidirlər, o zaman bu işdə prioritet məsələ onlara bir çox yeni imkanların təklif edilməsi ilə bərabər, düzgün gənclər siyasətinin formalaşdırılmasıdır. Çünki gənclər potensialları bütövlükdə ölkənin perspektivi ilə qırılmaz şəkildə bağlı olan həyati bir resurs kimi tanınırlar. Bu baxımdan da gənclər hər bir millətin ən dəyərli varlığı və sərmayəsidir desək, yanılmarıq. Gənclərin ehtiyacları böyük və aktual olmaqla yanaşı, onlar həm də yenidənqurma və inkişafın mərkəzindədirlər.
Hər bir dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm, həm də tarixi mərhələni təmsil edir ki, məhz bu amil də hökumətin bütün gənc qadın və kişilərin tam inkişafına sadiqliyinin ifadəsidir Gənclərin əsas ehtiyaclarını, problemlərini həll etmək, imkanlarını düzgün dəyərləndirmək, mövcud durumu və dəyişiklikləri, spesifik sektoral problemlərini nəzərə almaqla həll etmək, növbəti nəsillərin problemlərlə deyil, “Azərbaycanın inkişafı naminə daha hansı uğura imza ata bilərəm” sualı ilə üz-üzə qoyub buna cavab axtarması istiqamətində əməli addımların atılması Ümummilli Liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin fəlsəfi və ideoloji əsasıdır ki, məhz bu da gəncləri həm bu günün reallıqları, həm də gələcəyin çağırışları ətrafında səfərbər edir.
Son illərdə Prezident İlham Əliyevin bir fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin forma və mahiyyəti haqqında dolğun təsəvvür yaratdı. Belə ki, 2020-ci ildə Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında çıxış edərkən dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda gənclər küçələrə çıxsa və daha çox eşidilməyi tələb etsələr, onları dinləyər. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Prezident İlham Əliyevin gənclər siyasəti onların milli inkişafa fəal cəlb edilməsinin vacibliyini bəyan etmək, inkişaf üçün ümumi məqsədləri olan çərçivənin təmin edilməsi ilə yanaşı, dövlət və gənclər arasında koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir.
Azərbaycan gəncləri olaraq bizə işıqlı Azərbaycan qoyub getmiş ulu öndərimiz Heydər Əliyevin və şəhidlərimizin ruhunu, Prezident İlham Əliyevin inamını və etimadını Vətənə, millətə, dövlətimizə sədaqətlə xidmət etməyə nə qədər borcluyuqsa, bu işdən bir o qədər də şərəf duyuruq.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı