Bütün beynəlxaq məsələlərdə bizim fikrimiz üst-üstə düşür!

Azərbaycan- Misir münasibətləri qarşılıqlı əməkdaşlıq, siyasi, ticarət və dostluğa əsaslanmış çoxşaxəli əlaqələrdir. Hələ müstəqilliyimizin ilk dönəmində Misir Ərəb Respublikası dövlətimizin suverenliyini tanımış, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ərazi bütövlüyümüzü dəstəkləmişdir. 1993-cü ilin aprel ayından Misirin Bakıda və 1994-cü ilin yanvar ayından Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyidir.
Azərbaycan inşaat, əczaçılıq, kənd təsərrüfatı, eləcə də təhsil, mədəniyyət, informasiya texnologiyaları sahəsində Misirlə əməkdaşlığa maraq göstərir. Bundan əlavə, azad iqtisadi zonaların yaradılması, yeni elektrik stansiyalarının tikintisi, şəkər istehsalı, əczaçılıq sənayesinin inkişafı ilə bağlı müxtəlif layihələr hazırlanıb. Azərbaycan hökuməti bu ölkə ilə münasibətlərə xüsusi əhəmiyyət verir və onların gələcəkdə daha da genişləndirilməsinə çalışır. Həmçinin, 6-13 noyabr 2005-ci il və 20-28 noyabr 2006-cı il tarixlərində müvafiq olaraq Misirdə və Azərbaycanda mədəniyyət günləri keçirilmişdir.
Bildiyimiz kimi, İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Respublikasına rəsmi səfəri başlayıb. Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçirilmişdir. Səfər çərçivəsində imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirməlidir.
Son illərdə mühüm uğurlar qazanan və beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycanın istər bölgədə, istərsə də dünyada nüfuzu durmadan artmaqdadır. Dövlətimizin başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcəkdir. Dövlətlərimiz arasında qeyri-neft sektoru, sahibkarlıq, rəqəmsal iqtisadiyyat, innovasiya, nəqliyyat və tranzit sahələrində əlaqələri genişləndirmək üçün mümkün olan imkanların gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidlər bəsləyirik!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi