Bu gün respublikamız Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır
Azərbaycanın Aİ məkanında qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ölkələrdən biri də Rumıniyadır. Azərbaycanla tərəfdaşlıq münasibətləri daim yüksələn xətlə inkişaf edən Rumıniya Avropanın sayılıb seçilən ölkələrindən biridir. Bunu həm də o amil təsdiqləyir ki, bu ölkə ardıcıl və məqsədyönlü siyasəti sayəsində Avropa İttifaqı üçün son illərin əsas uğurlu tərəfdaşı kimi çıxış edir.
Avropa ölkələri arasında ən uğurlu tərəfdaşlarımızdan biri də Rumıniyadır. Rumıniyada hər il dekabr ayının 1-i Milli gün kimi qeyd edilir. Rumunların bir çox nəsilləri tarix boyunca azadlıq, istiqlal, həmrəylik, milli ləyaqəti təmin etmək kimi amallar uğrunda mübarizə aparıblar. Rumın çölləri qeyd olunan yüksək amallar naminə canlarından keçən mərd insanların qanı ilə suvarılıb. Rumın xalqının Milli gün bayramı da məhz müqəddəs məqsədlərə gedən yolu, aparılan mübarizəni, qəhrəmanlıqla yazılan tarixi simvolizə edir. Dost Rumıniyanın iqtisadiyyatı çoxvektorludur. Burada ayrı-ayrı infrastruktur sahələrinin, bərpa olunan enerji seqmenti də daxil olmaqla enerji sektorunun, eləcə də kənd təsərrüfatının, avtomobil, aerokosmik, bio-sənaye və iqtisadiyyatın digər istiqamətlərinin geniş inkişaf perspektivləri var. Təbii ki, bu perspektiv uzun illər ərzində formalaşan ənənələrə, iqtisadi potensiala əsaslanır. Ölkədə yaradıcı əmək, bilik iqtisadiyyatı güclü şəkildə təşviq olunur. Azərbaycan-Rumıniya əlaqələri tarixdən gələn münasibətlərə söykənir. Mənbələrdə xalqlarımız arasında əlaqələrin təməlinin orta əsrlərdə qoyulduğu bildirlir. Tarixin müxtəlif dönəmlərində enən və yüksələn bu əlaqələr daim xoş mərama əsaslanıb. Azərbaycan ötən əsrin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ikitərəfli münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanıyıb. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci (qardaş Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında 19 iyun 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilib. Azərbaycanın və Rumıniyanın yüksəksəviyyəli rəsmilərinin qarşılıqlı səfərləri ikitərəfli siyasi dialoqun artan dinamika ilə inkişafına müsbət təsir göstərir. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı statusunda Rumıniyada ilk dəfə rəsmi səfərdə olub. Azərbaycan Prezidentinin Rumıniyanın rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb və yeni təşəbbüslər irəli sürülüb. Bəhs olunan səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalanıb. Bu sənəd ikitərəfli münasibətlərin yol xəritəsi sayılır. Vurğulayaq ki, bəhs olunan Bəyannamə Azərbaycanın Avropa Birliyinə üzv dövlətlərlə strateji tərəfdaşlığa dair imzaladığı ilk belə sənəddir. Sonrakı mərhələdə hər iki tərəfin siyasi iradəsinə uyğun olaraq tərəfdaşlıq münasibətlərinin hüquqi bazası daha da möhkəmləndirilib. Bütövlükdə, indiyədək Azərbaycanla Rumıniya arasında 61 sənəd imzalanıb. Həmin sənədlər əməkdaşlığın müxtəlif sahələrini əhatə edir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı