Bu gün Müstəqillik Günü böyük sevinc və qürur hissi ilə qeyd olunur

Bu gün Cümhuriyyətin yaranmasından 106 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. XX əsrin sonunda yenidən müstəqillik əldə edən Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və rasional fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamaqdan, yəni qısa zamanda müstəqilliyini itirməkdən qurtuldu. Ulu öndər Heydər Əliyev həmin dövrdə ciddi təhdid və təhlükələr qarşısında olan müstəqilliyimizi qorudu və müasir, güclü, nüfuzlu dövlət kimi çıxış edən və böyük bir regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoydu.
Ümummilli Lider Heydər Əliyevin idarəçiliyinin ən mühüm xüsusiyyəti Azərbaycanın bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olmuşdur. Ümummilli liderin siyasi irsinin layiqli varisi, ölkə başçısı cənab İlham Əliyev dövlət müstəqilliyimizi daha da möhkəmləndirərək Azərbaycanı regionun qüdrətli dövlətinə çevirdi. Ölkəmiz iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində böyük nailiyyətlər qazanmışdır. Yeni neft strategiyasının müvəffəqiyyətlə davam etdirilməsi, Azərbaycana xarici sərmayə qoyuluşunun artması, qeyri-neft sektoruna, regionların inkişafına yönəldilən investisiyanın ilbəil çoxalması, sahibkarlığın inkişafı, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının iqtisadi siyasətinin əsasını təşkil edir.
Azərbaycan 4-cü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram artıq erməni işğalından azad edilən torpaqlarda da qeyd olunur. Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda,Xankəndidə, Xocalıda və işgaldan azad edilmiş bütün torpaqlarda qürurla dalğalanır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətin gücünün göstəricisidir. Bu gün Müstəqillik Günü xüsusi əhval-ruhiyyə, böyük sevinc və qürur hissi ilə qeyd olunur. Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram olaraq keçirilir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi