Analitika

Bu gün Azərbaycan və Tacikistan arasında münasibətlər yüksək inkişaf mərhələsini yaşayır

Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Həmçinin iki ölkə arasında münasibətlərinin uğurlu inkişafı məhz ötən əsrin 90-cı illərinin əvvəllərindəki çətinliklərin, ictimai-siyasi sabitliyin pozulmasının, vətəndaş müharibəsinin nəticəsidir. Məhz, həmin dövrdə Azərbaycanda ümummilli lider Heydər Əliyev, Tacikistanda isə Prezident Emoməli Rəhmon xaos, anarxiya, özbaşınalıq vəziyyətini sabitlik və inkişaf səhifəsi ilə dəyişdilər. Bunun nəticəsidir ki, hazırda Tacikistan və Azərbaycan iki sabit dövlət olaraq inkişaf edirlər. Bu gün artıq Azərbaycan ilə Tacikistanı tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər birləşdirir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir: “Ölkələr arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Elə Prezident İlham Əliyevin Tacikistana indiyədək altı dəfə səfər etməsi bunu bir daha sübut edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd imzalanıb. Onu da qeyd etmək yerinə düşər ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə də imzalanıb.

Prezident İlham Əliyevin artan nüfuzu, yeritdiyi uğurlu xarici siyasət, ölkəmizin iqtisadi qüdrətinin artması və onun Cənubi Qafqazda lider dövlətə çevrilməsi, Avropanın və bir sıra digər qonşu dövlətlərin enerji təminatında oynadığl rol, Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilməsi bir çox dövlət başçılarının ölkəmizə səfərlərini intensivləşdirib. Bununla əlaqədar son vaxtlarda Qazaxıstan, Konqo, Gürcüstan, Qırğızıstan, Bolqarıstan, Belarus və Slovakiyanın dövlət başçılarının Azərbaycana səfərlərini qeyd etmək yerinə düşər.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button