Analitika

Bu gün Azərbaycan və İran dost, mehriban qonşulardır

Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində – Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.

Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetini dünyanın bütün ölkələri ilə xüsusilə də sərhəd qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək təşkil edir. Bu baxımdan, ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi böyük əhəmiyyət kəsb edir.

İran və Azərbaycan xalqları İslam aləminə mənsub olan xalqlardır və əsrlər boyu bərabər yaşayıblar. Elmi, mənəvi, mədəni əlaqələr bu xalqları tarix boyu birləşdirib. Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. İran Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra – 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb. Müasir dövrdə iki müstəqil dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib ki, bu da münasibətləri normallaşdırıb və inkişaf etdirib.

Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrimiz arasında əlaqələri uğurla inkişaf etdirir. Bu gün Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır. Bu gün qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün bunları şərtləndirən əsas amil kimi hər iki ölkənin siyasi rəhbərliyinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il aprelin 9-da İrana səfəri zamanı tərəflər arasında bir sıra sazişlər imzalanıb.

İki ölkə arasında keçirilən bütün görüşlər və danışıqlar onu deməyə əsas verir ki, Azərbaycanla İran arasında tarixi köklərlə biri-birinə bağlı olan əlaqələr gündən-günə inkişaf etməkdədir və ölkə başçılarımızın səyi ilə bu əlaqələr daha genişmiqyaslı xarakter almaqdadır.Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. İran Azərbaycan ilə ən böyük sərhədə malik dövlətdir və qarşılıqlı əlaqələrimizin tərəflər üçün səmərəli formada davam etməsi rəsmi Bakı ilə Tehranın maraqlarına cavab verir.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button