AnalitikaGündəmSiyasət

Bu gün Azərbaycan Qlobal Cənubun fəal üzvüdür

Böyük dövlətlərlərə tərəfdaşlıq birmənalı şəkildə güc, nüfuz və toplumda mənəvi yetkinlik tələb edir. Əks halda bu əməkdaşlıq müstəqillik və suverenlik üçün ciddi təhdidlər yarada bilər. Cənab Prezident İlham Əliyevin şaxələndirilmiş xarici siyasət kursu, ölkəmizin hərbi-siyasi qələbələri ilə yaratdığı yeni reallıqda artan nüfuzumuz bizə istənilən güc ilə bərabərhüquqlu tərəfdaşlıq imkanı verir.

Çin Xalq Respublikası ilə strateji tərəfdaşlıq dövlət başçımızın da ifadə etdiyi kimi, “böyük nailiyyət və böyük məsuliyyətdir”. Çünki təcrübə də göstərir ki, Çin siyasi yükü və iqtisadi çəkisi ilə bir qayda olaraq dominantlığı ələ alır, təktərəfli ixrac formatı diqtə edir. Prezident İlham Əliyevin səyləri ilə bu gün Çin Bakıya bərabərhüquqlu və güvənli tərəfdaş, cənab İlham Əliyevə isə hesablaşılan qlobal lider  kimi baxır. Təsadüfi deyil ki, son 4 ayda yüz milyonlarla auditoriyası olan 3 böyük Çin mediası Azərbaycan Prezidentindən müsahibə alıb.

Sonuncu müsahibə Prezident İlham Əliyevin aprelin 22-24-də Çinə dövlət səfəri zamanı Pekində Çinin CGTN (China Global Television Network) telekanalına verilib. Ölkələr arasında əlaqələrin bir çox sahələrinə toxunulan müsahibədə qeyd edilib ki, Azərbaycan Asiya və Avropa, habelə Şimal və Cənub arasında yerləşir. Hər iki nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Ölkəmizin həqiqətən tranzit ölkəyə çevrilməsi üçün qonşu ölkələr və onların qonşuları ilə yaxşı münasibətlərə malik olmaq lazımdır. Ölkəmiz artıq buna nail olub.

Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır. Ölkəmiz mühüm bir platforma olan Şanxay Əməkdaşlıq Təşkilatınının dialoq üzrə tərəfdaşıdır və bura daha yaxın olmaq arzusundadır. Sevindirici haldır ki, cənab Prezidentin Çinə səfəri zamanı ÇXR-nın Prezidenti Si Cinpin onu Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra Prezident İlhan Əliyev yenidən Çinə səfər edəcəkdir.

Azərbaycanın təşkilatla yaxınlığı həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar. Çünki ölkəmiz Xəzərin qərb sahilində yerləşir. Eyni zamanda, Azərbaycan güclü siyasi münasibətlərə və nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir. Çinlə strateji tərəfdaş olmaq Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlıq baxımından ölkəmizə bir çox imkanlar açır.

Bu gün Azərbaycan Qlobal Cənubun fəal üzvüdür. Azərbaycan bunu yalnız Qoşulmama Hərəkatındakı sədrliyi dövründə deyil, həmçinin COP29-dakı sədrliyi zamanı nümayiş etdirdi. Ötən ilin noyabr ayında Azərbaycan COP29 konfransına ev sahibliyi etdi. Orada cənab Prezadent İlham Əliyev Qlobal Cənubun maraqlarını müdafiə etdi və iqlim dəyişikliyi ilə əlaqədar Qlobal Cənuba aid bəzi dövlətlərin mövcudluğuna olan təhlükələrlə bağlı narahatlığı ifadə etdi.

Azərbaycan Çin Qlobal Cənubun lideri hesab edir və burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır. Suverenlik, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri Azərbaycan üçün vacibdir. Ölkəmiz beynəlxalq birliyin fəal üzvü olaraq onları öz milli maraqlarımız baxımından müdafiə edir.

Rəna Salahova,
Zabrat qəsəbəsi, 71№li tam orta məktəbin ibtidai sinif müəllimi 

Oxşar Xəbərlər

Back to top button