Böyük tarixi Azərbaycanın intibah dövrü
Tarixə nəzər salsaq görərik ki, xalqımızın dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olub. Lakin bütün təzyiqlərə, çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmişdir. Məhz bu reallıqlara söykənərək müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdir: “Biz nadir bir dövlətçilik irsinin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan dövlətimizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.” Eyni zamanda bu fikir də önə çəkilir ki, keçmişini sevən, bu günü ilə qürur duyan, gələcəyinə böyük ümidlərlə baxan xalqlar tarixin sərt və çətin sınaqlarından üzüağ çıxaraq, milli varlıqlarını qoruyurlar. Ümummilli lider Heydər Əliyevin böyük və müqəddəs ideallarla qurub-yaratdığı Azərbaycan dövlətinin tarixən keçib gəldiyi yolun öyrənilməsi mütləqdir, bir çağırışdır.Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə təntənəli mərasimdə “Mənim siyasi və həyati dünyagörüşüm atamın təsiri altında formalaşmışdır” etirafını özündə əks etdirən çıxışında bu reallıqları da qeyd etmişdir ki, 1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-1980-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi.Həmin çıxışında bu məqam da qeyd edilir: “Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Ölkənin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır.” Cənab Prezidentimiz İlham Əliyev bu reallıqların bütün dövrlər üçün aktual olduğunu qeyd edərək bildirir ki, ulu öndər Heydər Əliyev haqqında çoxlu kitablar, elmi əsərlər yazılıb, dəyərli fikirlər səslənib: “Bir şeyi əlavə edə bilərəm ki, ümummilli lider Heydər Əliyev bütün dövrlərdə sınaqlardan şərəflə çıxıb.” Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə qoyulan təməlin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra möhkəmləndirilməsinin nəticəsidir ki, bu siyasəti hazırda təkmil islahatları ilə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev müasir Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək hədəfini irəli sürərək, bu istiqamətdə bir-birindən mühüm addımlar atır.Müstəqilliyimizin üçüncü, yəni 2003-cü ildən başlanan dövrünə keçmədən bu günümüz üçün görülən işlərin miqyasına nəzər salıb, Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, Vətəninə, xalqına, torpağına bağlılığını bir daha indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Ümummilli Liderin anadan olmasının 95 illiyi ərəfəsində keçilən yola nəzər saldıqda dahi şəxsiyyətin aforizmə çevrilən bu fikrinin reallıqlara əsaslandığını bir daha görmüş oluruq: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!» Bu fikri də böyük fəxr hissi ilə qeyd edirik ki, Ümummilli Liderin 1969-1982-ci illərdəki fəaliyyəti böyük bir təcrübə xəzinəsi, dövlət idarəçiliyi akademiyasıdır. Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Hazırda beynəlxalq səviyyədə tez-tez səsləndirilən «Azərbaycanın iqtisadi inkişafı möcüzədir» fikri də məhz düşünülmüş və məqsədyönlü, gələcəyə hesablanmış bu siyasətin məhsuludur.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı