Böyük qayıdış Qarabağa çoxsaylı yeniliklər gətirəcək
44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etdi, 30 illik Qarabağ münaqişəsinə son qoydu, tarixi ədaləti bərpa etdi. Vətən müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı demək idi. Bu qələbənin qazanılmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu var. Qarşıda duran ən böyük vəzifə isə azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlanılmasıdır. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb. Azad olunmuş ərazilərdə minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün çox əhəmiyyətlidir. Yol infrastrukturunun yaradılması – avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Bu, həm də qabaqcıl təcrübənin tətbiqi deməkdir. Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını və Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti abadlıq və quruculuq mərhələsinə daşınmasını tələb edir. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu – işğal altında qalmış torpaqlarımızın azad olunması məramı ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq. Qarabağ öz yeni həyatına qovuşacaq. Böyük qayıdış Qarabağa çoxsaylı yeniliklər gətirəcək.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi