“Böyük Qayıdış” planı çərçivəsində məcburi köçkünlərin dədə-baba yurdlarına köçü sürətlənib
Hər ay onlarla köç karvanı Qarabağa yola salınır. Qarabağın incisi Şuşaya da ilk köç karvanı çatıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 32 ildən sonra təhlükəsiz şəkildə və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyev şuşalılarla görüşüb söhbətləşərkən, qürur mənbəyimiz olan Şuşanı və işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələrinin şücaəti haqqında danışıb. Prezident İlham Əliyev vurğulayıb ki, “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”. Sirr deyil ki, şuşalıların Şuşaya dönməsi asan və tez başa gəlməyib. 44 günlük müharibə bir çoxlarına “ildırım sürətli müharibə” kimi görünə bilər, amma ona qədər 28 il boyunca əsəb gərən, sonu görünməyən “diplomatik müharibə” də getmişdi. Ən əsası, biz o müharibədə bütün şərtlərin əleyhimizə olduğu bir vaxtda da haqqımızdan, qırmızı xəttimizdən geri durmadıq, təmkinlə, səbrlə Zəfər günümüzün başlanğıc anını gözlədik. ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ-ni, Rusiyanı və Fransanı təmsil edən çoxsaylı diplomatlar bir-birini tez-tez dəyişsələr də, sülh yolu ilə həll planlarında Şuşa söhbəti yox idi. Hamı Şuşanı ermənilərə “verirdi”, vasitəçilərin planlarına görə, Ermənistan və Azərbaycan arasında sülh Azərbaycanın Şuşasız qalacağı təqdirdə baş tutmalıydı. Lakin Azərbaycan siyasətçiləri və hərbçiləri bütün məkrli planları pozdular. Son nəticədə şəhərin əsl sahibləri Şuşaya qayıtdılar. 2020-ci ilin noyabrın 8-i Şuşa azad olundu, 2024-cü ilin mayın 10-da isə şuşalılar bayraqlarımızla bəzənmiş Şuşaya qayıtdılar.
Şuşada əzəmətli binalar tikiləcək. Şuşa mədəniyyət və turizm mərkəzinə, istirahət məkanına çevriləcək. Prezident İlham Əliyev şuşalılarla görüşdə deyib ki, artıq şəhərdə üçüncü yaşayış kompleksinin təməli qoyulub: “Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir”.
Həm Azərbaycanımızın, həm də Şuşamızın başı üzərindəki üçrəngli bayrağımız daim dalğalanacaq.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri