AnalitikaGündəm

Böyük inkişafa aparan yolun başlanğıc tarixi 3 oktyabr 1993-cü il

İllər bir-birini əvəz etdikcə Heydər Əliyev dühasının, onun gələcəyə ünvanlanmış işıqlı ideyalarının, dövlət quruculuğu və idarəetmə məharətinin əzəməti daha aydın görünür. Bu gün dünyanın siyasət aləmində Heydər Əliyev fenomeni öyrənilir və böyük siyasi məktəb kimi qəbul edilir. Təsadüfi deyil ki, Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlər görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin həyatında belə günlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var. Həmin gün keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, dövlət-vətəndaş birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib. Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.

Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button