Analitika

Beynəlxalq tendensiyaları nəzərə alan adekvat inkişaf

Müasir dövrdə ictimai həyatın bütün sahələrində əldə olunan böyük uğurların səbəblərindən biri, heç şübhəsiz, Prezidentimizin öz fəaliyyətini möhkəm bir zəmin üzərində qurması, Heydər Əliyev siyasi kursunu yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla inkişaf etdirməsidir. Burada ikinci mühüm amil də özünü göstərir ki, bu da İlham Əliyevin bir siyasi lider kimi məhz yeni iqtisadi münasibətlər şəraitində yetişməsi ilə əlaqədardır. Yəni bu yeniliklər onun üçün doğmadır. Üçüncü əsas amil isə, XXI əsrdə başlanan qlobal tendensiyaları sadəcə izləmək və mənimsəmək yox, həm də onları istiqamətləndirmək cəhdləri, planetar proseslərin obyekti deyil, fəal subyektlərindən biri olmaq əzmidir.   Bu gün Azərbaycan öz milli dövlətçilik simasını qoruyub-saxlamaqda, seçdiyi siyasi kursu davam etdirməkdə israrlıdır. Heydər Əliyev deyirdi ki,  müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.  İlham Əliyev bu fikri davam etdirərək deyir: “Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir.O ölkələr dünyada özünə layiq yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın – nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir.” Burada biz “müstəqillik” anlayışının yeni dövrün tələblərinə uyğun surətdə yeni çalarlarla zənginləşdirildiyini görürük. Həqiqətən də dövlət müstəqilliyinin ənənəvi anlamına görə, hansı isə bir ərazidə müəyyən bir siyasi kursu və hüquq normalarını tətbiq etmək, sosial-iqtisadi həyatı müəyyən qaydalarla tənzim etmək üçün ilk növbədə sərhəd toxunulmazlığı təmin olunmalıdı.Sərhədi guya toxunulmaz qalan və formal müstəqilliyi olan elə ölkələr var ki, burada hər şey xarici investisiya ilə, xarici ölkə şirkətlərinin sifarişi ilə, yabançı mədəniyyətin təsir dairəsinin genişlənməsi ilə müşayiət olunur. Halbuki əsas məsələ  əlaqələrin genişlənməsinə rəğmən, milli maraqların qorunması, ölkədəki qanunlara, hüquq normalarına hamı tərəfindən əməl olunması, mədəni-mənəvi dəyərlərin, maddi və mənəvi milli sərvətlərin toxunulmazlığıdır. “Müstəqillik yalnız dövlət atributları ilə ölçülmür, müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun” (İlham Əliyev).XX əsrin sonlarından başlayaraq, bütün dünyada hadisələrin inkişafı vahid iqtisadi münasibətlərin formalaşması, vahid ümumdünya bazarının yaranması istiqamətində gedir. Azərbaycan rəhbərliyi bu obyektiv tendensiyaları vaxtında nəzərə aldığından, qlobal və milli maraqlar nəinki toqquşmur, hətta bir-birini qarşılıqlı surətdə tamamlayır. Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub-saxlanması, habelə, milli-mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və s. inkişaf etdirilməsi – bütün bunlar Azərbaycanın siyasi simasını, onun özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.Milli dövlətlərin ilkin formalaşması dövründən bəri, bir tərəfdən, dövlətin idarə olunmasında xalqın iştirakı məsələsi, digər tərəfdən də dövlət başçılarının, siyasi liderlərin öz xalqlarının taleyində oynadığı pozitiv və ya neqativ rol həmişə siyasi polemikaların mərkəzində olmuşdur. Demokratiya ilə mərkəzləşmiş idarə sisteminin bir-birini qarşılıqlı surətdə tamamlaması bu sahədə optimallığın mühüm şərti olmuşdur.Prezidentin də qeyd etdiyi kimi, iqtisadi sahədə keçid dövrünü artıq başa vurmuşuq. Lakin bu, o demək deyil ki, bu sahədə qarşıda duran vəzifələr başa çatmışdır. Əksinə, yeni iqtisadi münasibətlərə keçid prosesinin tamamlanması cəmiyyətdə yeni iqtisadi bazisin və deməli, yeni ictimai paradiqmanın formalaşması deməkdir. Və bu proses labüd surətdə digər ictimai münasibətlər kompleksinin bu yeni bazisə uyğunlaşmasını, onunla ayaqlaşmasını, onu tamamlamasını tələb edir.İqtisadi sahədə əldə olunmuş nailiyyətlər əsasən bir ölkə çərçivəsində olur. Lakin indi dünyada başqa proseslər də gedir. İndi bir ölkə öz daxilində hər şeyi həll etdiyi bir məqamda, qonşu ölkələrdə, hətta bəzən çox-çox uzaqlarda baş verən hadisələr istər-istəməz məsələlərə yenidən baxılmasını, hansı isə prosesin səmtinin dəyişməsini, hansınınsa yeniləşməsini tələb edir. Yəni indiki dövrdə müstəqillik mütləq səciyyə daşıya bilməz. Başqa sözlə desək, daxili prosesləri daha stabil edə bilmək üçün mütləq xarici proseslər də diqqətlə öyrənilməli, proqnozlaşdırılmalı, nəzərə alınmalıdır.Qloballaşma elə bir həddə gəlib çatmışdır ki, ölkənin idarə olunması təkcə daxili məsələlərin həlli ilə başa çatmır. Mənbəyi daxildən qaynaqlanmayan, qlobal səciyyə daşıyan, bütün bəşəriyyəti narahat edən proseslərin transformasiyası hər bir ölkənin taleyinə təsir göstərir. Bu səbəbdən də müasir dövrdə planetar düşüncəyə malik olan, yerli məsələləri də beynəlxalq miqyasda baş verən dəyişikliklər kontekstində, ümumi tendensiyaları nəzərə almaqla həll edən, lokalla qlobalın, milli ilə ümumbəşərinin vəhdətindən çıxış edə bilən liderlərə ehtiyac yaranmışdır. Söhbət yalnız hansı isə xalqın, millətin deyil, bütövlükdə bəşəriyyətin ehtiyacından gedir. Əlbəttə, bu böyük, məsuliyyətli və şərəfli missiyanı üzərinə götürə biləcək dövlət başçıları çox azdır.Təbii resursların tükənməsi hansı isə konkret ölkələr çərçivəsində deyil, bütövlükdə dünya miqyasında problemə çevrilir. Kimdə isə bir az tez, kimdə isə bir az gec. Daha etibarlı və daha uzunömürlü ehtiyatların üzə çıxarılması günün tələbinə çevrilmişdir.Qloballaşma da sadəcə transmilli şirkətlərin fəaliyyət dairəsinin genişlənməsi, iri maliyyə maqnatlarının asılı ölkələrin iqtisadiyyatına müdaxiləsi, planetar miqyas alan ekoloji problemlərin çözülməsi istiqamətində birgə səylərlə, mədəniyyətlərin transformasiyası ilə məhdudlaşmayaraq, getdikcə daha çox dərəcədə ideoloji və siyasi çalarlar kəsb edir.Hər bir xalqın bu və ya digər dərəcədə intellektual və mədəni resursları var. Lakin onun realizasiyası elə də sadə bir məsələ deyil. Bu proses, əvvəla, çox böyük kapital qoyuluşu, uzunmüddətli ictimai təşkilatlanma işi tələb edir. Kasıb ölkələrdə maariflənmənin, təhsilin və nəhayət, elmi fəaliyyətin yüksək səviyyədə təşkili mümkün deyil. Belə ölkələrdə ən yaxşı halda beynəlxalq ictimaiyyətin dəstəyi ilə savadsızlığın ləğvi prosesi gedir. Bizim ölkə isə hələ sovet dövründə bu problemi həll etmişdir və hazırda intellektual inkişafın daha yüksək mərhələsinə qədəm qoymaq, bu sahədə də qabaqcıl ölkələr sırasına çıxmaq üçün yeni strategiyalar hazırlanır.Cəmiyyəti ağılla idarə etməyin iki yolu var. Birincisi, hər bir güc mərkəzinin intellektual mənəvi səviyyəsini yüksəltməyə, onun fəaliyyətini xalqın milli maraqları istiqamətində yönəltməyə çalışmaq. İkincisi, bu qüvvələri sərbəst buraxmaq (yeri gəlmişkən, demokratiya da bunu tələb edir), lakin onların münasibətlərini elə yönəltmək, elə tənzimləmək və nəticə etibarı ilə elə idarə etmək ki, onların yekun, əvəzləyici qüvvəsi cəmiyyətə, xalqa, pozitiv ictimai proseslərə qarşı yönələ bilməsin, elə öz içərilərində ərisin.Situasiyanı düzgün qiymətləndirmək, həm özünün, həm də başçılıq etdiyi dövlətin mövcud reallıqlar şəraitində imkanlarını bir sövq-təbii ilə ölçüb-biçmək və həmişə məhz real imkanlardan çıxış etmək qabiliyyəti Heydər Əliyevi səciyyələndirən əsas keyfiyyətlərindən biri idi. O, özü bu barədə belə demişdir: “Kim ki öz biliyindən, bacarığından artıq iddialar edir, o, həmişə məğlub olur”. Lakin, öz biliyini, bacarığını düzgün qiymətləndirə bilmək istedadı heç də hamıya verilməmişdir.Müdrikliyin bir əlaməti də məhz bu məqamda təzahür edir. Təsadüfi deyil ki, Konfutsi insan üçün ən böyük məziyyəti onun nəyi bilib, nəyi bilmədiyini fərqləndirmək qabiliyyətində görür. Lakin, insanın eyni zamanda həm öz bilik və qabiliyyətinin hüdudlarını, həm də gerçəkliyi, situasiyanı düzgün qiymətləndirməsi nadir istedaddır. Prezident İlham Əliyevin neft kapitalının intellektual kapitala çevrilməsinə dair etdiyi çağırış da məhz dövrün tələbidir.

Əyyub Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button