Beynəlxalq əməkdaşlıq
Bildiyimiz kimi, oktyabr ayının 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirdə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var idi. Belə nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın beynəlxalq arenada nüfuzunun yüksək olmasının göstəricisidir. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın on ildən artıqdır ki, beynəlxalq kosmik ailənin üzvü olduğunu bildirmişdir. Bu gün 3 peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərir.
Azərbaycanın siyasi xətti hər zaman aydın, şəffaf və birmənalı olmuş, bu da digər dövlətlərlə əməkdaşlığın gücləndirilməsinə zəmin yaratmışdı. Azərbaycan dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmiz bu şərəfə 120 dövlətin yekdil qərarı ilə layiq görülüb. Prezident xüsusi olaraq vurğulayıb ki, Azərbaycan dövlətinin əsas prioriet məsələsi dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdir.
Azərbaycan dövləti hər zaman başqa dövlətlərin hüquq və sərhədlərinə hörmətlə yanaşmışdır. Təəsüf ki, ölkəmiz 30 il boyunca haqsızlığa məruz qalmışdır. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyon soydaşımız öz yurd-yuvasından didərgin düşmüşdür. 30 il boyunca Azərbaycan humanist mövqedən yanaşaraq məsələnin sülh yolu ilə həll edilməsinə nail olmağa çalışdı. Təəssüf ki, bu yol uğursuz oldu.
2020-ci ildə Azərbaycan öz sərhəd bütövlüyünü, ərazi suverenliyini bərpa etdi. Qarabağ problemi əbədi olaraq həll edildi. Bu gün Azərbaycan Ermənistan da daxil olmaqla bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırdır. Ölkəmiz çoxmillətli, multikultural dövlətdir. Azərbaycanda bütün xalqlar söz azadlığına sahibdir. Azərbaycan dövləti gənc olmasına baxmayaraq, bu gün dünya dövlətləri arasında nüfuz sahibidir. Bu da ölkəmizin apardığı düzgün siyasi fəaliyyətinin nəticəsidir.
Cəfərova Ülviyyə,
Xəzər rayonu, 117 nömrəli tam orta məktəbin müəllimi