Beynəlxalq əməkdaşlığın ikitərəfli formatı uğurla inkişaf edir
Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri hazırkı geosiyasi gerçəkliklərə uyğun inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində mühüm yer tutur. Son 10 ildə bu əlaqələr bütün sahələrdə bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qurulmuş, qarşılıqlı maraqlar çərçivəsində yüksələn xətlə inkişaf etmişdir. Strateji tərəfdaşlıq münasibətlərinin pozitiv tərəfləri özünü həm də Rusiya və Azərbaycan regionları arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində göstərir. Bu günlərdə Həştərxanda təşkil olunmuş “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda ikinci Rusiya-Azərbaycan regionlararası forumu bunu bir daha təsdiqləyir. Rusiya və Azərbaycan prezidentləri administrasiyalarının dəstəyi ilə Avrasiya Tədqiqatları İnstitutunun təşkil etdiyi forumun işində hər iki ölkənin mərkəzi və regional hakimiyyət orqanlarının, habelə iri, orta və kiçik biznesin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Forumda iki ölkə arasında münasibətlərin bütün sahələrdə dinamik inkişafı, habelə Azərbaycanın Rusiyanın ayrı-ayrı vilayətləri ilə iqtisadi, mədəni, humanitar əlaqələrinin genişləndiyi razılıqla vurğulanmışdır. Eyni zamanda bildirilmişdir ki, Rusiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığı zəruri edən mühüm amillərdən biri də məhz ölkələrimiz arasında tarixən formalaşmış iqtisadi əlaqələrdir.
Sovetlər birliyinin süqutundan sonra bu əlaqələr qırılmış, nəticədə hər iki ölkənin iqtisadiyyatına ciddi ziyan dəymişdi. Keçmiş münasibətləri bərpa etmək, qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək yeni dövrün zəruri tələbi kimi meydana çıxsa da, siyasi münasibətlərdəki soyuqluq buna müəyyən problemlər yaradırdı. 2001-ci ildən isə Rusiya-Azərbaycan münasibətləri tamamilə yeni müstəviyə qədəm qoymuş, iqtisadi-siyasi, humanitar və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq üçün real imkanlar açılmışdır. Azərbaycanla Rusiya arasında 100-dən çox müqavilə imzalanmışdır. Bunların 70-i dövlətlərarası və hökumətlərarası müqavilələrdir.
Hər iki dövlət rəhbərlərinin rəsmi və işgüzar səfərləri zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm sazişlər imzalanmışdır. Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının intensiv fəaliyyətinin nəticəsi olaraq ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək dinamizmlə inkişaf edir. İdxal-ixrac əməliyyatlarının səviyyəsinə görə Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır. Qlobal böhranla müşayiət olunan 2010-cu ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin 1,9 milyard dollar təşkil etməsi də qarşılıqlı faydalı əməkdaşlıq üçün mövcud olan zəngin potensialdan xəbər verir. Azərbaycan Rusiyadan əsasən buğda, qənd, şəkər çuğunduru, siqaret, sement qlingeri, meşə materialları, metal boru, ehtiyat hissələri, avtomobil idxal edir. Respublikamızdan Rusiyaya kartof, tomat, qoz, meyvə, çay, yağ, bitki yağı, piy, şirə, pambıq lifi, elektrik enerjisi, neft, qaz və neft-kimya məhsulları ixrac olunur.
Hazırda Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir və onların böyük qismi Rusiya kapitalına məxsusdur. Rusiya şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak etməklə bir neçə beynəlxalq konsorsiumda paya malikdirlər. Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, quberniyaları, muxtar respublikaları da respublikamızla iqtisadi əlaqələri gücləndirməkdə maraqlıdırlar. Son bir neçə ildə Rusiya regionları ilə Azərbaycan arasında 40-a yaxın bu cür əməkdaşlıq sazişi imzalanmışdır. Bu baxımdan Moskva, Həştərxan, Dağıstan, Kurqan, Sankt-Peterburq, Stavropol, Sverdlovsk, Yekaterinburq, Kalmıkiya və Tatarıstan respublikaları, Saratov vilayət və şəhərləri ilə qurulan iqtisadi əlaqələri xüsusilə qeyd etmək olar. Azərbaycanda Dağıstan və Tatarıstanın, habelə Ural iqtisadi regionunun nümayəndəlikləri fəaliyyət göstərir.
Səidə Ağayeva,
Xəzər rayonu, Ziya Ağayev adına 241 saylı məktəbin müəllimi