Analitika

Beynəlxalq aləmdə “İkili standartlar” siyasətinin təzahürü göz önündədir

AŞPA-nın son qərarı bir daha sübut edir ki, qurum Azərbaycanın tarixi Zəfərini, Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.  Tarixi Zəfərimizdən ötən dövrdə qurumun bu və ya digər güclərin əlində təzyiq aləti kimi istifadəsi daha açıq müstəviyə keçib. Belə ki, bu günlərdə qurum növbəti riyakarlığını nümayiş etdirdi. Cari ilin yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının ölkəmizlə bağlı son addımı birmənalı qarşılanmamaqla yanaşı, Azərbaycana qarşı qərəzin son həddə çatdığını bir daha ortaya qoydu. Avropa Şurasının ədalətə sığmayan, ikili standartlara əsaslanan siyasətini bir daha təsdiqləyən məlum qərarı Fransanın Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etmək cəhdini ortaya qoydu. Vaxtilə Azərbaycan bu qurumun Qarabağ münaqişəsinin həllinə dəstək verməsi məqsədilə görə Avropa Şurasına üzv olmuşdu. Artıq Azərbaycan bu problemi hərbi yolla özü həll edib. Hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan AŞPA-ya Azərbaycanın heç bir ehtiyacı yoxdur. Qondarma «dağlıq qarabağ respublikası» özünü buraxdığını elan etdikdən sonra hələ də AŞPA-nın onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. AŞPA-nın anti-Azərbaycan və islamofob siyasətinin nəticəsidir ki, bu qurumla ölkəmiz arasında münasibətlər həmişə aşağı səviyyədə olub. Sanki burada təmsil olunan bir sıra deputatlar Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil edirlər. Belə davranış həm də şovinizmin, ifrat sağ düşüncənin təzahürüdür. 30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın “səxavətinə” aldanıb qərəzli bəyanatlar verməsi yolverilməzdir. Azərbaycan xalqı öz dövlət başçısının rəhbərliyi ilə BMT və beynəlxalq hüquq tərəfindən rəsmən tanınan əzəli torpaqlarını Ermənistanın təcavüzündən xilas edərək ərazi bütövlüyünü bərpa etdi. İşğaldan azad edilmiş ərazilərdə bu gün mülki obyektlərlə yanaşı, dini-mənəvi abidələrin bərpa və yenidən qurulmasına dövlət səviyyəsində diqqət ayrılması Azərbaycanın dünyadakı tolerant imicinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri olmasının təsdiqidir.  Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir.  Çünki aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. COP29 da bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir.Xatırlayaq ki,hətta Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi   kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button