Analitika

Bayram tonqalının Xankəndidə alovlandırılması mühüm siyasi və tarixi əhəmiyyətə malikdir

“Azərbaycanlılar artıq 4-cü ildir ki, Novruz bayramını qalib insanlar, ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş xalq kimi qeyd edir. Təsadüfi deyil dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. Prezident İlham Əliyev 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, bu il isə Xankəndi şəhərində bayram tonqalını qaladı”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, bayram tonqalının Xankəndidə alovlandırılması mühüm siyasi və tarixi əhəmiyyətə malikdir: “Çünki Xankəndi qədim Azərbaycan torpağıdır və bura Pənahəli xan tərəfindən salınıb. Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilib. Xankəndi şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri olub. Bu səbəbdən də Xankəndi şəhəri yüksək mənəvi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, son günlər ərzində keçmiş separatçı rejimin inşa etdirdiyi qondarma tikililər də sökülür, tarixi binalarımız isə bərpa edilir. İşğaldan azad olunduqdan sonra Xankəndi şəhərinin mərkəzində Zəfər paradı da keçirildi ki, bunun əsasından da qələbəmizin növbəti rəmzi olaraq Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlandırıldı”.

“Bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində insanlarımız azad edilmiş Qarabağa yenidən həyatı qaytarır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq. Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan xalqı bu torpaqlarda əbədi və qürurla yaşayacaq.

Oxşar Xəbərlər

Back to top button