AnalitikaGündəmSiyasət

Bayrağımız dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir

Azərbaycan xalqının milli qürur mənbəyi, dövlət müstəqilliyimizin və suverenliyimizin rəmzi olan üçrəngli Dövlət Bayrağımız hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Hər il noyabrın 9-u ölkəmizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli dövlətçilik tarixinin, azadlıq mübarizəsinin və müstəqillik arzularının təcəssümüdür.

Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən qəbul edilmişdir. Bu bayraq Azərbaycan xalqının azadlıq və müstəqillik ideallarını özündə əks etdirərək milli dövlətçilik tariximizdə mühüm yer tutmuşdur. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın yaddaşında və qəlbində yaşamağa davam etmişdir.

Üçrəngli bayrağımızdakı hər bir rəng dərin məna daşıyır. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi, inkişafı və demokratiyanı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Bayrağımızın üzərindəki ağ aypara və səkkizguşəli ulduz isə milli-mənəvi dəyərlərimizin və dövlətçilik ənənələrimizin rəmzidir.

1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi yenidən qəbul edilmişdir. Müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunmalıdır. Onun siyasi irsinin davamı olaraq dövlət rəmzlərimizə göstərilən diqqət və ehtiram bu gün də dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız dünyanın müxtəlif ölkələrində, beynəlxalq tədbirlərdə və mötəbər platformalarda qürurla dalğalanır. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda ucaldılması xalqımızın yaddaşına əbədi həkk olunmuş qürurverici hadisələrdəndir.

Bu gün Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər doğma yurdlarımızda dalğalanan Dövlət Bayrağımız şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı və xalqımızın birliyi bahasına əldə edilmiş tarixi qələbənin rəmzidir. Bayrağımızın ucaldığı hər bir zirvə Azərbaycanın gücünü, birliyini və sarsılmaz iradəsini nümayiş etdirir.

Dövlət Bayrağı Günü yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün hər bir vətəndaşın Vətənə bağlılığını, milli kimliyə sədaqətini və dövlətçilik məsuliyyətini bir daha dərk etməsi üçün mühüm fürsətdir. Bayrağımıza hörmət etmək, onu qorumaq və gələcək nəsillərə sevgi ilə ötürmək hər birimizin müqəddəs borcudur.

Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Azərbaycanımızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü əbədi olsun! Bayrağımız qürurumuz, gücümüz və milli birliyimizin rəmzidir!

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button