BAŞIN SAĞ OLSUN! CAN QARDAŞIM, QAN QARDAŞIM, TÜRKİYƏM!
2023-cü ilin 6 fevral sabahını bütün Azərbaycan xalqı qara xəbərlə açdı. Bir millət olmuş ikinci vətənimiz, ata yurdumuz olan qardaş Türkiyəni silkələyən zəlzələnin episentri olkənin cənub-şərqində yerləşən Qaziantep şəhəri yaxınlığında oldu. Qardaş Türkiyədən gələn acı xəbərləri izlərkən dahi şairimiz Bəxtiyar Vahabzadənin hələ o zaman, 1999-cu il avqustun 17-də Türkiyədə baş verən zəlzələdən həlak olanların xatirəsinə ithaf etdiyi şeiri yadıma düşdü.
“Eşidincə ata yurdda depremi,
Axdı yaşım, döndü başım, Türkiyə.
Hər dərdimin, hər qəmimin ortağı
Can qardaşım, qan qardaşım, Türkiyə.”
Bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşən Türkiyə dünyanın ən aktiv zəlzələ zonalarından biridir. Qardaş Türkiyə Respublikasının çox hissəsi Anadolu tektonik ərazisində yerləşir. Bu ərazi isə Avrasiya, Afrika və Ərəb tektonik lövhələrinin arasında yer tutur. Ekspertlərin fikrincə, bölgənin ən böyük – Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır.
“Varmı qəza, varmı bəla, de, bunca?
Səninləyik biz ki ömür boyunca.
Faciəni biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə.”
Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı:
“Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”
Sonra, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon zəngi edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi. Azərbaycan xalqı Qardaş Türkiyədə yaşanan bu, böyük fəlakətə Türkiyə xalqının ağrılı-acılı dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olduğunu qeyd etdi.
“Öz hökmü var hər zamanın, hər anın,
Yaman gündə yanındayıq biz sənin.
Ana yurdda Vətənimsən, Vətənim,
Vətənimdə vətəndaşım, Türkiyə.”
Daha sonra, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edərək: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!” paylaşımını etdi.
“Tarix boyu bu əhdimiz pozulmaz,
Türk milləti xar olmamış, xar olmaz.
Hər bəladan türkün beli qırılmaz,
Sən ey mənim can sirdaşım, Türkiyə.”
Zəlzələ baş verən gündən Azərbaycan xalqı öz Prezidenti ilə bərabər bütün diqqətini zəlzələ bölgəsinə yönəltdi. Hərkəs Qardaş ölkədən gələn xəbərləri diqqətlə izləyir, dağıntıların acı fəsadlarını görüb, kədərlənir,göz yaşları axıdır, uçqunlar altında qalan insanlar üçün dualar edərək, oradan sağ çıxan uşaq və qocalar, qardaş və bacılarımız üçün sevinir. Eynən, Ulu Öndər Heydər Əliyevin və Qazi Mustafa Kamal Atatürkün dedikləri kimi, bu bir millətin iki dövlətinin xalqlarının kədəri kədərimiz, sevinci sevincimiz olur.
“Sən çıxmısan tarixdə çox sınaqdan,
Dönməmisən nə gerçəkdən, nə haqdan.
Ey zamanın yollarında hər zaman
Mənim arxam, yol yoldaşım, Türkiyə.”
Dövlətimizin Başçısı Prezident İlham Əliyev cənabları fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində oldu. Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verdi və çıxış etdi:
“Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik;
Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqını çox sarsıtdı. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik;
Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir;
Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur;
İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar;
Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar;
Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq;
Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar;
Bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq. Ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb;
Böyük bir qrup könüllü artıq yola düşüb. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllüləri müəyyən təcrübəyə malikdirlər və onlar öz bacarıqlarını əsirgəməyəcəklər;
Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq. Bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək.”
“Bu taleyi nə yamanla, nə qına,
Dönəcəksən sən dünənki çağına.
Qurban olum sinəndəki dağına,
Uca başım, əməldaşım, Türkiyə.”
8 fevral tarixində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev ilə Türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı oldu.
Telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini Türkiyəli həmkarının diqqətinə çatdırdı.
“Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılmışdır. Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”. Fikirlərini söyləyərək, yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbr dilədi.
“İşitince ata yurtta depremi
Aktı yaşım, döndü başım, Türkiyem.
Her derdimin kederimin ortağı
Can kardeşim kan kardeşim, Türkiyem.”
Qardaş TürkiyəRespublikasında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstək bunlardır:
– 6-8 fevral tarixlərində Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərildi.
– Birinci təyyarə fevralın 6-da saat 13:25-də yola düşüb və Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyətini fəlakət zonasına çatdırıldı.
– İkinci təyyarə fevralın 6-da 17:25-də yola düşüb, FHN-in 233 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını apardı.
– Üçüncü təyyarə fevralın 6-da saat 20:50-də yola düşüb, FHN-in 21 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını Türkiyəyə çatdırdı.
– Dördüncü təyyarə fevralın 7-də saat 09:40-da yola düşüb, 41 nəfərlik tibbi heyəti və mobil səhra hospitalına aid 4 konteyneri apardı.
– Beşinci təyyarə fevralın 7-də saat 14:00-da yola düşüb, səhra hospitalı üçün 3 konteyner və FHN-in şəxsi heyətinin təminatı üçün yük apardı.
– Altıncı təyyarə fevralın 8-də saat 01:00-da yola düşüb, FHN-in 4 nəfər şəxsi heyəti və şəxsi heyətin təminatı üçün ərzaqlar və humanitar yardım apardı.
– Yeddinci təyyarə fevralın 8-də saat 09:46-da yola düşüb, FHN-in 229 nəfərlik şəxsi heyətini, xilasetmə avadanlıqlarını və FHN-in şəxsi heyəti üçün təminat vasitələrini apardı.
“Var mı kaza,var mı bela de bunca?
Seninleyiz biz ki ömür boyunca.
Kaderini bez uzakdan duyunca
Gözlerimden aktı yaşım, Türkiyem.”
– Fevralın 8-də saat 01:00-da yola düşən 14 yük avtomobilindən ibarət karvan 29 nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin təminatını Türkiyəyə çatdırdı.
– Ümumilikdə faciə baş verdiyi saatdan 8 fevral 13.00-dək FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.
– Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.
– Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşdü.
“Öz hükmü var her zamanın her anın.
Yaman gününde yanındayız biz senin.
Ana yurtta vatanımsın, vatanım
Vatanımda vatandaşım, Türkiyem.”
– Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərildi. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
– Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verdi.
– Zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə 9 fevral tarixində Naxçıvandan ilkin olaraq 12 TIR yola salındı.
– Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərdi.
– Prezident İlham Əliyev cənablarının göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başladı. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.
“Tarih boyu bu ehdimiz bozulmaz
Türk milleti har olmamış, har olmaz.
Her beladan Türkün beli kırılmaz
Sen ey benim can sırdaşım, Türkiyem.”
– Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər.
– Ölkənin bir çox ali təhsil müəssisələrində zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə tələbə və əməkdaşlar arasında yardım kampaniyası təşkil olunub.
– Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində də, dəstək göstərilir.
“Sen çıkmışsın tarihde çok sınaktan,
Dönmemisen ne gerçekten, he haktan,
Ey zamanın yollarında her zaman
Benim arkam, yol yoldaşım Türkiyem.”
– Prezident İlham Əliyev cənablarının tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salındı. Humanitar yardıma, dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.
– Prezident İlham Əliyev cənablarının tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla onlarla şəxsi sağ, yüzlərlə insanın isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
“Bu kaderi, ne kötüle, ne kına
Döneceksin yine dünkü çağına.
Kurban olum sinendeki dağına,
Uca başım, ameltaşım Türkiyem.”
Bu gün, bu birlik və qardaşlıq sevgisi dolu acılı anlarda, elə bu məqamda düz 102 il bundan öncə 1921-ci ildə baş verən sadə, əslində necə-necə böyük tarixi, siyasi, milli əhəmiyyətli olan bir hadisəni yad etmək, paylaşmaq bizlər üçün də, gərəklidir.
1921-ci ilin martın 17-də Milli mücadilənin ən qızğın günlərində Türkiyə səfiri Mahmud Şövkət bəy, Mustafa Kamal Paşanın məktubunu Nəriman Nərimanova çatdırır. Mustafa Kamal paşa məktubda rəsmi olaraq Nərimanovdan maddi kömək yəni “borc pul” istəyirdi. Nərimanov dərhal bir milyon rubl dəyərində qızıl göndərir. Özü də Mustafa Kamal paşaya cavab olaraq yazır ki, “Paşam, qardaş qardaşa borc verməz, əl tutar”. Bəli, eşq olsun belə həqiqi qardaşlığa! Necəki, 44 günlük Qarabağ savaşında, torpaqlarımızın azad edilməsində qardaş Türkiyənin dəstəyi dünya durduqca unudulmaz. Bəli, bunu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev də dönə-dönə qeyd edir.
Bu borc-filan deyil. Yüz il öncə deyildiyi kimi: “Paşam, bizdə qardaş qardaşa borc verməz, qardaş hər zaman qardaşının əlindən tutar”
Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı.
Başın sağ olsun, türk qardaşlarımız! Başın sağolsun, Türkiyəmiz!
Mürsəl Mürsəlov,
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru.