Bakı qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq dialoq platformasına çevrilib
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə başlanmış, aparıcı beynəlxalq təşkilatların dəstəklədiyi “Bakı Prosesi” çərçivəsində bu günə qədər 250-dən artıq tədbirdə 180 ölkədən 10 mindən artıq təmsilçi iştirak edib. Bu günlərdə baş tutan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da xüsusi əhəmiyyəti ilə fərqlənir, mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edir. Forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaradır. Forumun əsas məqsədi dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Bu mənada qeyd olunanların fonunda bir daha əmin oluruq ki, Bakı qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq dialoq platformasına çevrilib”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm və nüfuzlu beynəlxalq platforma olmaqla burada 110 ölkənin nümayəndəsi iştirak edib: “Azərbaycanın təşəbbüsü ilə ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirən “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Heç şübhəsiz ki, dünyaya tolerantlığı, multikulturalizm dəyərlərini təbliğ və təşviq etmək üçün Azərbaycanın böyük mənəvi əsasları var. Çünki əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Bu mənada Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub və multikulturalizm ölkəmizin vətəndaşları üçün həyat tərzidir”.
“VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Prezident İlham Əliyev neokolonializm meyillərinə qarşı mübarizənin aparılmasının vacibliyini də irəli sürüb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalı və imkan verilməməlidir ki, XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın: “Bu baxımdan dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Xüsusilə də, fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır”.