Analitika

Bakı Enerji Həftəsi

Təməli 1994-cü il mayın 24-də Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sərgi artıq hər il təxminən eyni vaxtda keçirilən ənənəvi tədbirə çevrilib. İlk dəfə reallaşanda o, “Xəzər dənizində neft-qaz hasilatına dair sərgi” adlanırdı. İndi sərgi əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Üstəlik, hər il sərgi ilə yanaşı, eyni adlı konfrans da keçirilir.

1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü ilə müşayiət olundu. Bu həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşmişdik. Bu dövrlərdə ölkədə hakimiyyətin tez-tez dəyişməsinə görə xarici neft şirkətlərinin nümayəndələri hər dəfə hakimiyyət dəyişdikcə yeni nümayəndələrlə razılığa gəlməyə, Xəzər neftindən daha çox pay qoparmağa can atırdılar.

Lakin 1993-cü il Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bir dönüş nöqtəsi oldu. Neftin siyasətdə rolunu yaxşı bilən Heydər Əliyev ABŞ şirkətlərinin də daxil olduğu konsorsiumla danışıqlara başladı və yeni investisiyalar yatırılmağa razılıq əldə olundu. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı. “Əsrin müqaviləsi” adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu. İndi həmin tədbiri “Əsrin müqaviləsi”nin müjdəçisi adlandıranlar heç də yanılmırlar.

Bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin təzahürü idi. Elə Azərbaycanın neft strategiyasında özünəməxsus yer tutan “Xəzər Neft və Qaz” sərgisi də bu1994-2003-cü illərdə, ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə baş tutub. Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir.

Ötən illər ərzində nüfuzu artan, əhatə dairəsi genişlənən, iştirakçılarının sayı çoxalan bu beynəlxalq tədbirin öz ünvanını dəyişməyərək məhz Azərbaycanda keçirilməsinin bir sıra səbəbləri var. Onlardan ən başlıcası budur ki, həmin sərginin təşəbbüskarı və təşkilatçısı ulu öndər Heydər Əliyev olub. Xarici şirkətlər Azərbaycana bu gün də həvəslə gəlirlər. Həm sözügedən ənənəvi tədbirdə iştirak etməyə, həm də ümumiyyətlə, yeni neft-qaz layihələrində tərəfdaşlıq etməyə. Sərginin təşkilatçısı olan “İteca Caspian” şirkətinin verdiyi məlumata görə, builki ekspozisiya meydançalarının əsas hissəsini tədbirin daimi iştirakçıları olan tanınmış şirkətlər tutub.

Hər il keçirilən “Caspian Oil & Gas” neft-qaz sahəsinin mütəxəssislərini bir araya gətirir. “Caspian Oil & Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Ölkə Prezidenti İlham Əliyevin hər dəfə tədbirin açılışında iştirakı, ekspozisiyalarla tanış olması sərgi-konfransın əhəmiyyətini bir daha təsdiqləyir.

Elə 4 iyun tarixində də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimi Prezident İlham Əliyevin iştirakı ilə baş tutmuşdur. Dövlət başçısı çıxışında bildirib: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”. Eyni zamanda bu il Beynəlxalq Xəzər Neft və Qaz “Caspian&Gass” sərgisinin təsisindən 30 il ötür. Birinci neft-qaz sərgisindən başlanan yol Azərbaycanı mötəbər enerji sammitlərində fəal iştirak etmək, yeni strateji meqalayihələrə qoşulmaq perspektivinə qovuşdurur.

Mirzəyeva Gülnarə,
Xəzər rayonu, 121 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button