Analitika

Bakı Enerji Həftəsi-Azərbaycanın uğurlu inkişaf strategiyası

Cənab Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru irəliləyir, ötən hər gün bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Ölkəmizdə neft-qaz sahəsində həyata keçirilən uğurlu siyasət dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin etdi.

Azərbaycan daim malik olduğu təbii resurslara, eyni zamanda, yerləşdiyi coğrafi məkana görə dünyanın diqqətində olan ölkədir. Bu diqqət ayrı-ayrı dövrlərdə tamamilə fərqli olub. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələr qurmaq istəyən dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra vəziyyət tamamilə dəyişdi. Azərbaycanın qısa müddətdə ölkə daxilində sabitliyi və normal biznes mühitini təmin etməsi respublikamızla iqtisadi əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlı olan dövlətlərin sayının artmasına şərait yaratdı. Nəticədə Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.

Azərbaycanın neft-qaz sektorunda imkanları ildən-ilə genişlənir, yeni layihələrin icrası gündəmə gətirilir. “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək əldə olunan uğurlara diqqət yetirsək, Azərbaycana artan inamın fonunda mühüm layihələrin həyata keçirildiyini görərik. Bu gün imkanlarımız nəinki ölkə daxilində, eyni zamanda, regionda və geniş mənada dünyada neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır.

Cari ilin 31 may tarixində ölkə başçısı cənab İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində iştirak etdi. Cənab Prezident İlham Əliyev tədbirdə çıxış edərək bildirdi ki, 30 ildir 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Biz 1994-cü ildə neft strategiyamızın-Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.

Ölkə rəhbərimiz çıxışında xüsusilə qeyd etmişdir ki, “Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir. Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır”.

Ölkəmizin təşkilatçılığı ilə reallaşdırılan layihələr sayəsində Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək üçün Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. Bu məqsədlə 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb. Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edən Azərbaycan bu gün də etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgiləri Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirir. Tədbirdə iştirakçılığın miqyası, ABŞ və Böyük Britaniya kimi dövlətlərin siyasi liderləri tərəfindən ünvanlanan məktublar, çıxışlarda səsləndirilən müsbət fikirlər Azərbaycanın artan nüfuzundan xəbər verir.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button