
Ölkə Prezidenti cənab İlham Əliyevin Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışında söylədiyi kimi, “Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk”. Bu, hər bir azərbaycanlı üçün böyük fəxarət, qürurverici hadisədir. Təqribən 70-80 minə yaxın xarici qonaq ölkəmizə gələcək. Artıq bu möhtəşəm tədbirə hazırlıqla əlaqədar görülən işlər, konfrans iştirakçıları üçün yaradılan şərait, onların yerləşdirilməsi, nəqliyyatın təşkili və digər məsələlərlə bağlı vəziyyət göstərir ki, Azərbaycan həmişə olduğu kimi, bu tarixi missiyanı da şərəflə, xalqımıza məxsus yüksək qonaqpərvərliklə həyata keçirəcək.İndiyə kimi ölkəmizdə bu sayda, belə geniş tərkibdə tədbir keçirilməyib. Bu, bir ilkdir. Konfransda əksər dövlətlərin başçıları, keçmiş prezident, baş nazir, nazirlər, yüksək çinli vəzifə sahibləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və digər nümayəndələr iştirak edəcək, hər şeyi öz gözləri ilə görəcəklər. Bu, ölkəmizin tanıdılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə yayılmasında misilsiz rol oynayacaq. Dostlarımız bununla sevinəcək, qürur duyacaq, düşmənlərimiz isə qəmə, qüssəyə batacaq. Artıq erməni lobbisinin və havadarlarının COP29-la bağlı apardığı çirkin və qərəzli siyasət iflasa məhkum olur.
Bildiyimiz kimi, iqlim dəyişikliyi XXI əsrin ən böyük problemlərindən biridir. İstixana qazlarının atmosferdəki konsentrasiyasının artması nəticəsində meydana gələn istixana (parnik) effekti, yəni günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulması, qlobal istiləşmə ekosistemlərdə, insan sağlamlığında və iqtisadiyyatlarda ciddi fəsadlar yaratmaqdadır. Bəşəriyyətin həmin böhranla mübarizə aparmaq və onun dağıdıcı təsirlərinin qarşısını almaq üçün 2100-cü ilədək qlobal temperatur artımını 2ºC altında saxlamaq kimi vacib məqsədi var. Bu məqsədə çatmaq üçün Paris İqlim Sazişi qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən maksimum 1,5°C-yə qədər məhdudlaşdırmağı nəzərdə tutur.
Təbii ki, bəşəriyyəti təhdid edən qlobal iqlim dəyişikliyi ilə mübarizədən qalib ayrılmaq tək bir ölkənin bacaracağı, nailiyyət əldə edə biləcəyi iş deyil. Bunun üçün bütün ölkələrin həmrəyliyi və üzərlərinə düşən öhdəliyi yerinə yetirmələri olduqca vacibdir. Bu məqamda xüsusilə qeyd etmək lazımdır ki, BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları (COP) böyük əhəmiyyət daşıyır. Hər il dünya ölkələri bir araya gələrək planetdə canlı aləmi təhdid edən bəlaya qarşı effektiv mübarizə üçün müzakirələr aparır, təkliflər irəli sürür, öhdəliklər müəyyən edirlər. Hər il bir ölkədə keçirilən COP tədbirlərinə bu il Azərbaycan ev sahibliyi edəcək. Sayca 29-cu sessiyanın keçiriləcəyi Bakı şəhəri təxminən iki həftə ərzində iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik üçün mühüm platforma rolunu oynayacaq.
Hər il fərqli ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncusu – 28-ci sessiyası (COP28) isə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 isə bu ilin noyabr ayında Azərbaycanda, Bakı şəhərində keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu, dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bakı iki həftə ərzində dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Konfransın ən mühüm müsbət nəticələrindən biri kimi ölkədə turizm xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi göstərilir. Təbii ki, turizm və logistika sahəsində yüzlərlə yeni peşəkar mütəxəssis hazırlanacaq, bir çox problemlərin həlli ilə bağlı turizm və dövlət xidmətlərinin keyfiyyəti dəyişəcək. Regional turizm sahəsində də keyfiyyət dəyişikliyi gözlənilir, yeni marşrutlar və şəhər turları təşkil olunacaq. COP29-un Azərbaycanda keçirilməsi, ilk növbədə, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulu
Məmmədova Nuranə,
Xəzər rayonu, 122 nömrəli məktəbin müəllimi