Analitika

Azərbaycanın tam Zəfəri ilə nəticələnən II Qarabağ Müharibəsi

Azərbaycan xalqı uzun illər idi ki, torpaqlarımızın düşmən tapdağı altından azad olunduğu günü gözləyirdi. Artıq üç ildir ki, torpaqlarımız azaddır. Azərbaycan Respublikasının Prezidenti Xankəndi şəhərində “Zəfər”in üçüncü ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı qeyd etdi ki, biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. 20 il əvvəl həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində xalqıma söz vermişdim ki, gün gələcək, biz Azərbaycan dövlət bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.

Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Bu böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Azərbaycan əsgər və zabitləri qırx dörd gün ərzində bir gün belə geriyə addım atmadan döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək əsl qəhrəmanlıq göstərmişlər. Bu fədakarlığı, peşəkarlığı görən düşmən ordusu böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə Ermənistan ordusunda 12 min fərari olmuşdur. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir.Bu Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.

44 günlük Vətən müharibəsi dövründə Şuşa əməliyyatı xüsusi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistan –Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışır, Azərbaycan xalqının bu vəziyyətlə barışacağını düşünürdülər. 44 gün ərzində Azərbaycana müxtəlif yerlərdən təzyiqlər göstərilir, təhdidlər səsləndirilirdi. Ancaq Azərbaycanı haqq yolundan heç kim döndərə bilmədi.

İlham Əliyev çıxışında onu da bildirdi ki, o vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi. Bu gün Xankəndinin mərkəzi meydanında parad keçirməyimiz onu göstərir ki, qərarımız doğru idi. Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan azad olundu. Bu Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bu minlərlə gəncimizin həyatını xilas etdi.

İkinci Qarabağ müharibəsindən sonra biz ordu quruculuğu prosesini sürətləndirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib bölgələrə yeləşdik, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhəddini nəzarətə götürdük. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində biz öz sərhəddimizi tam olaraq qoruyuruq. Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və diğər əməliyyatlar bizim strateji mövqelərimizi xeyli dərəcədə yaxşılaşdırmışdır. Bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik. Əgər Ermənistan bizim sözümüzə baxsaydı, sentyabr ayında keçirilmiş antiterror tədbirinə ehtiyyac qalmazdı. Ermənilər,o nların rəhbərləri, tərəfdaşları düşünürdülər ki, Azərbaycan heç vaxt öz torpaqlarını azad etməyə cürət etməyəcək.

Antiterror tədbiri bir gündən də az çəkdi. Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq göstərərək düşmən ordusunu təslim olmağa məcbur etdi, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qanunsuz qondarma rejimə də xitam verildi. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarı on minlərlə Azərbaycan hərbçiləridir.

Ali Baş Komandan çıxışında vurğuladı ki, biz 20 il ərzində bu günə hazırlaşırdıq. Beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeləri möhkəmləndirilirdi. Artıq bütün dünya bizim haqlı tərəf olduğumuzu bilirdi.Həmçinin biz çalışdıq ki,müstəqil iqtisadiyyat quraq,heç kimdən asilı olmayaq. Ötən illər ərzində ordu quruculuğu bizim üçün prearitet məsələ olmuşdur. Maddi–texniki təchizat,silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi qələbəyə aparan əsas amillərdir.

Ancaq nə qədər silahın,sursatın olsa belə, nə qədər müasir texnologiyalardan istifadə etsən belə, qələbəni qazanan ölümə getməyə hazır olan, ən çətin, əlverişsiz cöğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək əsl qəhrəmanlıq və şücaət göstərən Azərbaycan əsgər və zabitidir. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan bayrağı qaldırıldı. Bundan böyük xoşbəxtlik ola bilməz.

Prezident qeyd etdi ki, dörd il əvvəl Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxışında təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onun arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, Qarabağ Azərbaycandır!

Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurarlarsa, o zaman Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsinlər. Bilsinlər ki, burada mindən çox igidimiz düzülübdür, bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmiş, heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Biz bütün vəzifələri icra etmişik.

Rəna Əhədova,
Xəzər rayonu, 256 №li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button