AnalitikaGündəmSiyasət

Azərbaycanın Suverenliyi -mövcudluğunun və institusional davamlılığının əsasıdır

Azərbaycanın müasir tarixində mühüm dönüm nöqtələrindən biri də Dövlət Suverenliyi Günüdür. Bu gün, xalqımızın öz müqəddəratını müəyyən etmək hüququnu rəsmi şəkildə bərpa etməsi ilə əlamətdardır. Dövlət suverenliyi, yalnızca bir siyasi və hüquqi anlayış deyil, eyni zamanda bir millətin azad yaşamaq, öz dəyərlərini qorumaq və gələcəyini müstəqil şəkildə formalaşdırmaq iradəsinin təcəssümüdür. Bu baxımdan, Dövlət Suverenliyi Günü Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsası kimi böyük əhəmiyyət daşıyır.

Azərbaycanın suverenliyi ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə rəsmi şəkildə elan olundu. Lakin bu müstəqillik uzun sürmədi və ölkə 1920-ci ildə sovetləşdi. İkinci dəfə müstəqillik isə SSRİ-nin dağılması ilə bağlı 1991-ci ildə mümkün oldu. Məhz 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bu sənəd, Azərbaycanın hüquqi və siyasi baxımdan müstəqil dövlət kimi tanınmasının əsasını qoydu.

Dövlət suverenliyi dedikdə, dövlətin daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etmək və həyata keçirmək hüququ nəzərdə tutulur. Azərbaycanın suverenliyi onun sərhədləri daxilində heç bir xarici gücün müdaxiləsi olmadan öz qanunlarını tətbiq etmək və milli maraqlarına uyğun qərarlar qəbul etmək imkanını təmin edir.

Suverenlik sadəcə bir dəfə qazanılan deyil, daim qorunmalı və möhkəmləndirilməli olan bir dəyərdir. Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra dövlət qurumlarının formalaşdırılması, hüquq sisteminin inkişafı, ordu quruculuğu və milli iqtisadiyyatın dirçəldilməsi istiqamətində mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik və hüquqi dövlət quruculuğu sürətləndi. Bu proses bugünkü Prezident İlham Əliyev tərəfindən davam etdirilərək Azərbaycanın həm regional, həm də beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olub.

Azərbaycanın suverenliyi onun beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsinə şərait yaradıb. Ölkə BMT, ATƏT, İƏT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarda fəal iştirak edir. Ən əsası isə, 2020-ci ildə baş vermiş Vətən müharibəsində əldə olunan qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və suverenlik real mənada bütün ərazilərdə təmin edildi. Dövlət Suverenliyi Günü, təkcə keçmişə nəzər salmaq üçün yox, həm də gələcək nəsillərə müstəqil dövlətin necə çətinliklərlə əldə olunduğunu xatırlatmaq üçün vacibdir. Bu gün, hər bir azərbaycanlının qürurla xatırladığı, milli birliyin, azadlığın və müstəqil dövlət quruculuğunun simvoluna çevrilmişdir. Azərbaycanın suverenliyi – onun yaşamaq haqqı, öz yolunu özü seçmək azadlığı və tarix qarşısında məsuliyyətidir.

Mətanət Cəfərova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button