Analitika

Azərbaycanın siyasi mövqeyi haqdır və beynəlxalq prinsiplərə əsaslanır

Cari ilin fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan üçün çox önəmli olan plenar iclas keçirildi və həmin iclasda Azərbaycan, Gürcüstan və Ermənistan tərəfləri ilk dəfə üç-tərəfli görüş keçirdilər. Bu görüşün Azərbaycan üçün çox böyük önəmi var, çünki Azərbaycan Prezidenti İlham Əliyev bu iclasda da Azərbaycanın haqlı tələblərini ortaya qoyaraq regionda hal-hazırdakı siyasi vəziyyətdən, dünyada baş verən hadisələrin Azərbaycana təsirindən danışmaqla yanaşı, bu gün bizim üçün əsas məsələ olan Qarabağ, Ermənistanla sülh müqaviləsi və onun şərtlərindən, Ermənistanın isə bu müqaviləni uzatmaq istəyindən və təcavüzkar bir ölkənin hələ də müxtəlif Avropa dövlətlərindən kömək umması istəyindən danışaraq ölkəmizin dəyişməz mövqeyini ortaya qoydu.

Prezident İlham Əliyev hazırkı siyasi proseslərin ölkəmizə necə təsir etdiyini,ölkə rəhbərliyinin bu prosesi necə qarşıladığını qeyd etmişdir. O bildirmişdir ki, Rusiya-Ukrayna müharibəsi Azərbaycanın bir çox ticari əməkdaşları ilə ticarət əlaqələrində müəyyən çətinliklər yaratsa da, ölkəmiz bu əməkdaşlığı qoruyub saxlamaq, davam etdirmək və daha da inkişaf etdirmək niyyətindədir. Buna görə də Azərbaycan müasir daşımalar və loqistika infrastrukturuna sərmayələr qoyur və bu sahənin inkişafında maraqlıdır. Hal-hazırda Asiya, Avropa ilə bu əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılır.

Azərbaycan müharibənin acılarını görmüş bir ölkədir. 30 il ərzində torpaqlarımızın işğaldan azad edilməsi üçün şəhidlər vermişik, Ermənistanın işğalçılıq siyasəti nəticəsində şəhər və kəndlərimiz yerlə yeksan edilib, insanlar doğma evlərindən ayrılıb qaçqın və köçkün həyatı yaşayıblar. Buna görə də Avrasiyada sülhün bərqərar olmasında və daha da möhkəmlənməsində Azərbaycan daha çox maraqlıdır. Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir, hər iki tərəf toqquşmaları kənara qoyub sülh şəraitində yaşamaq üçün yollar müəyyən etməlidir.

Ölkəmiz regiondakı vəziyyətə ikitərəfli yanaşmanın zəruriliyini bildirir,Bu istiqamətlərdən biri sülh danışıqlarının aparılması, ikincisi isə Qarabağdakı erməni əhalisi ilə münasibətlərin necə qurulmasıdır. Hər iki məsələ önəmlidir və bu məsələlər həll edilməsə regionda möhkəm sülhə nail olmaq mümkün deyil. Prezident İlham Əliyev bu iclasda da bildirmişdir ki, Dağlıq Qarabağ ifadəsi artıq mövcud deyil, yalnız azərbaycanın tərkib hissəsi olan Qarabağ vardır.

İclasda Prezident bir daha bəyan etdi ki, biz Qarabağın erməni icması ilə danışıqlar aparmağa hazırıq, ancaq Qarabağda yaşamış erməni icmasının nümayəndələri ilə danışıqları aparmağa, yaranmış sülhü möhkəmlətmək üçün yollar axtarmağa hazırıq, lakin Rusiyadan Ermənistanda rəhbərlik üçün göndərilmiş hər hansı bir şəxslə heç bir danışıqdan söhbət gedə bilməz.

Keçən il dekabrın 22-dən bizim vətəndaş cəmiyyətlərimizin üzvləri Qaqrabağdakı keçid məntəqələrində dinc aksiyalar keçirirlər. Bəzi qüvvələr bunu keçid məntəqələrinin Azərbaycan tərəfindən bağlanması kimi qiymətləndirməyə çalışırlar. Qeyd edilmişdir ki, həmin dövrdən bu günə kimi bu keçid məntəqələrindən Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin müşayiəti ilə 2500-dən artıq nəqliyyat vasitəsi və 100-dən artıq xəstə Ermənistana aparılıb. Bu keçid məntəqələrindən Ermənistandan Qarabağa silah və hərbi təchizat daşınması üçün yox dinc məqsədlər üçün istifadə etməyə çalışsalar buna heç kim mane olmayacaq.

Prezident İlham Əliyev bu iclasda da bir daha bildirmişdir ki,30 il ərzində Ermənistan Qarabağı işğal etmiş, kənd və şəhərləri,sənaye müəssisələrini, məktəbləri, mədəniyyət saraylarını, evləri dağıtmış, tariximədəni abidələrimizi, məscidlərimizi xarabaya çevirərək təhqir etmişdir. Bu işğalçılığa son qoyulması üçün BMT trubunalarından Azərbaycanın dəfələrlə haqq səsi ucalmış, müxtəlif görüşlər, saysız-hesab-sız danışıqlar keçirilmişdir. Biz həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılmasına çalışmışıq, lakin məlum oldu ki, bu münaqişə dondurulmuş münaqişələrdən birinə çevrilmişdir.

Əsrlər boyu Azərbaycan xalqı azadlıq mübarizəsi aparmışdır, bu dəfə də bütün danışıq və görüşlərin səmərəsiz olduğunu, vaxt uzatmağa xidmət etdiyini gördükdə xalqımız hərbi yola əl atdı. 44 günlük mü-haribənin nəticələri də bütün dünyaya bəllidir. Azərbaycan heç bir beynəlxalq qanunu pozmadan öz torpaqlarını işğaldan azad etmişdir. Hal-hazırda da sülh müqaviləsinin bağlanması üçün sülh danışıqları gedir. Bu sülh müqaviləsi isə beynəlxalq normalara istinad edərək bağlanmalıdır.

Bu plenar iclasda 44 günlük müharibədə hər iki ölkənin silahlı qüvvələrindəki vəziyyəti də açıqlamışdır. Azərbaycan əsgəri torpaqlarımız uğrunda şəhid olmağı şərəf saydığı halda, Ermənistan ordusundan 11 min nəfərdən artıq fərarinin olduğunu qeyd etmiş və bildirmişdir ki,bu hansı tərəfin haqlı oldu-ğunu bir daha göstərir.

Plenar iclasda Azərbaycan Prezidenti bütün beynəlxalq görüşlərdə olduğu kimi,bir daha Azərbaycanın haqlı mövqeyini, ölkəmizin sülhü qoruyub saxlamaqda və region ölkələri ilə əməkdaşlığı bundan sonra da inkişaf etdirməkdə maraqlı oluğunu bildirmiş və bir daha bəyan etmişdir ki, Azərbaycan tərəfi onun daxili işlərinə qarışmamaq şərti ilə bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır.

Prezident İlham Əliyev Münhen konfransı çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşdə də Azərbaycanın mövqeyini açıqlamış, bildirmişdir ki, regionda sülhü möhkəmlətmək üçün Ermənistanla danışıqlar davam etdirilməli sülh müqaviləsi bağlanmalıdır. Ermənistan öz təcavüzkar mövqeyindən əl çəkməlidir. Azərbaycan beynəlxalq norma və prinsiplərə cavab verən sülh müqaviləsinin bağlanmasına və bundan sonra münasibətlərin normal inkişaf etdirilməsinə hazırdır.

Həm konfrans çərçivəsində həm də Prezident İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibədə son vaxtlar İranda baş verən hadisələrə münasibət bildirilmişdir. İranda Azərbaycan səfirliyinə qarşı təşkil olunan terror aktının Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərdiyi bildirilmişdir. Həm də qeyd olunmuşdur ki, İran tərəfi bu terror aktını araşdırmalı və nəticələri haqqında dolğun məlumat verməlidir. Bu akt Azərbaycanın daxili işlərinə qarışmaq, Azərbaycanı tutduğu yoldan döndərmək məqsədi daşıyır. Bu isə bizim siyasi mövqeyimizə ziddir və Azərbaycan tərəfi bu siyasəti beynəlxalq normaların pozulması hesab edir.

Münhen görüşündə Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanın siyasi mövqeyi haqdır və beynəlxalq prinsiplərə əsaslanır. Ermənistan isə öz təcavüzkar mövqeyini davam etdirir, danışıqları hər vasitə ilə uzatmaq istəyir. Təəssüf ki, bəzi qüvvələr də Ermənistanın bu təcavüzkar mövqeyini müdafiə edərək Azərbaycana təsir göstərmək istəyir. Prezident bir daha vurğulamışdır ki, Azərbaycan öz torpaqlarını azad etmiş, ərazi bütövlüyünü bərpa etmişdir. Biz bundan sonra da sülhün qorunub saxlanmasında, beynəlxalq münasibətlərin genişləndirilməsində maraqlıyıq. Ancaq müstəqil dövlət kimi heç bir dövlətin bizə siyasi təsir göstərməsinə və daxili işlərimizə qarışmasına imkan verməyəcəyik.

Əliyev Akif,
Xəzər rayonu, D.Cəbrayılov adına 119 tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button