Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılması qlobal siyasətdəki gücümüzün göstəricisidir
Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. Azərbaycan son illərdə beynəlxalq arenada öz mövqelərini daha da gücləndirib, dünya ölkələri ilə siyasi-iqtisadi əlaqələrini genişləndirib, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını yeni səviyyədə inkişaf etdirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə qarşı olan böyük hörmət və etimadın əlamətidir. Çünki Azərbaycan ötən müddətdə üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti müdafiə edib və hazırda da bu cür səmərəli fəaliyyətini həyata keçirir. Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm və sairə bu kimi bütün mənfi halların baş verdiyi bu zamanda beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan ictimai quuluşa ehtiyacı var.
Digər tərəfdən, Hərəkatın növbəti Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını təsdiqləyir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi bizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür”. Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu 4 aprel 2020-ci il tarixində “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı Kommunike” qəbul etmişdir. Kommunikedə Hərəkata üzv dövlətlərin 31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni tanımadıqları və bu aktı qeyri-qanuni hesab etdikləri bəyan edilir. QH üzv dövlətlərin QH-nin Bakı Zirvə Görüşünün yekun sənədinin 662-ci bəndinə istinad edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinə dair dəstəklərini bir daha ifadə etmişdir.
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının “Covid-19”a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Təşkilatçılığa başçılıq edən Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Zirvə görüşü zamanı bir sıra fikirlər səsləndirmişdir. “Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik. Pandemiya “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir edib. Bundan əlavə, hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. Bu məqsədlə biz BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik. Bu panel postpandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Mən Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıram.”
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı