Azərbaycanın mövqeyi mərkəzdədir
Qalib Azərbaycan postmüharibə dövründə regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, regionda əməkdaşlığın möhkəmlənməsinə, kommunikasiyaların bərpasına hesablanan davranışlar nümayiş etdirir.
Prezident İlham Əliyev Azərbaycanın müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq istəyini dəfələrlə birmənalı şəkildə diqqətə çatdırıb. Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində liderlərin iştirakı ilə baş tutan tədbirlərdə ifadə olunan fikirlərdən aydın şəkildə görünür ki, Azərbaycanın ədalətli yanaşması, beynəlxalq hüquqa əsaslanan və ümümi məqsədlərə xidmət edən prinsipial mövqeyinə beynəlxalq səviyyədə böyük önəm verilir və daim diqqət mərkəzində saxlanılır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Zirvə Toplantısına qatılan Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində tədbir çərçivəsində keçirdiyi görüşlər, Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında yüksək dinamikaya malik iqtisadi və siyasi dialoq barədə fikirlərini diqqətə çatdırıb.
Postmüharibə dövründə Ermənistanla sülh sazişinin imzalanması və iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanın gündəliyinin mərkəzində dayanır. Azərbaycan Prezidenti daim əsaslandırır ki, iki ölkə arasında sülh sazişi imzalanmadan digər prosesləri irəli aparmaq mümkün deyil. Hər iki ölkə beynəlxalq prinsiplərə və tarixi sənədlərə istinad etməklə bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycan postmüharibə dövründə qalib tərəf olaraq hər hansı bir imtiyaz gözləmədən və şərt irəli sürmədən qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu sənəddə dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması kimi müddəalar yer alıb. Beynəlxalq normalar əsasında hazırlanan bu sənəd iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün baza kimi götürülə bilər. Jurnalistlərin suallarını cavablandıran Prezident İlham Əliyev bildirib ki, sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. “Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Adil Əliyev,
Xəzər rayonu, 124 nömrəli tam orta məktəbin direktoru