Azərbaycanın İsraillə yaxın əlaqələr qurması və bunu inkişaf etdirməsi digər ölkələri narahat etməməlidir
Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Əsrlər boyudur ki, Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir.
Azərbaycanın müstəqiliyini tanıyan ilk dövlətlərdən biri İsrail olmuşdur. 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini tanıdı, iki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə quruldu. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.2009-cu ilin may ayında paytaxt Təl-Əvivdə qarşılıqlı münasibətlərin tarixində ilk dəfə olaraq Azərbaycan-İsrail biznes forumu keçirilmişdi. 2009-cu il 28-29 iyun tarixlərində İsrail Prezidenti Şımon Peresin Azərbaycana səfəri ilə dövlətlərarası əlaqələrin inkişafında yeni bir mərhələyə start vermişdir. Belə ki, İsrail-Azərbaycan münasibətlərinin tarixində ilk dəfə olaraq dövlət başçıları səviyyəsində səfər baş tutmuşdu. Səfər çərçivəsində kommunikasiya , təhsil, elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilələr imzalanmışdır. 2010-cu il 15 fevral tarixində isə İsrailin Baş naziri Ehud Olmert ölkəmizə səfər etmişdir.2016-cı il 13 dekabr tarixində İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri isə Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinin möhkəmlənməsi üçün uğurlu oldu.
İnnovasiyalar və İT sahəsində Azərbaycan–İsrail tərəfdaşlığı böyük potensiala malikdir və gələcəkdə ekosistem startaplarının yaradılmasına, ixtisaslaşmış inkubasiya mərkəzlərinin və texnologiya parklarının inkişafına, kibertəhlükəsizlik və bir çox digər sahələrə yönəlmiş birgə layihələr çərçivəsində genişləndiriləcək.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq münasibətlərin uğurlu inkişafının daha bir əsasını təşkil edir. İsrail özünün neft tələbatının üçdə birini Azərbaycandan idxal hesabına qarşılayır. Neft-qaz sahəsində böyük təcrübəyə malik Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə bu sahənin inkişafına böyük töhfə verə bilər. Həmçinin, İsrail ilk dəfə olaraq, öz qazını Avropaya Azərbaycana məxsus kəmər vasitəsilə nəql etməkdə maraqlıdır. İsrail qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin TANAP layihəsindən istifadə etməsi iki dövlət arasındakı enerji əməkdaşlığını yüksək səviyyəyə qaldıracaq. Həmçinin enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək. Bu da, əlbəttə ki, əzəli düşmənlərimiz üçün heç də ürəkaçan deyil.
Azərbaycanın İsraillə yaxın əlaqələr qurması və bunu inkişaf etdirməsi digər ölkələri, xüsusilə də İranı narahat etməməlidir. Bu əlaqələr bögədə sülhə və sabitliyə xidmət edir. Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsidir. Ölkəmizdə yəhudilərə illər boyu göstərilən gözəl münasibət və qarşılıqlı hörmət yəhudilərin Azərbaycana rəğbətini və heyranlığını daha da gücləndirir, dövlətlər səviyyəsində əlaqələrin daha da möhkəmlənməsinə təsir edir. Azərbaycanda yaşayan yəhudilərin razılığı, rahatlığı iki dövlət arasında münasibətlərin inkişafına təkan verir. Bu tarixi əlaqələr həmçinin İsrail və müsəlman ölkələri arasında uğurlu əməkdaşlığın nümunəsidir.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı