“Bir il öncə Azərbaycan Ordusunun antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan dövlət suverenliyini tam təmin etdi. Bununla da beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü növbəti dəfə nümayiş etdirdi. Sirr deyil ki, 2020-ci ildə başlanmış Vətən müharibəsi zamanı bütün dünya şanlı Azərbaycan Ordusunun iradəsinin və şücaətinin şahidi olmuşdu. Həmin dövrdə 90 mindən çox gənc azərbaycanlı Vətən uğrunda İkinci Qarabağ müharibəsində iştirak etdi, 3000-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucaldı. Azərbaycan Ordusundan bir nəfər də olsun döyüş meydanından geri addım atmadığı bir zamanda Ermənistan ordusunda 12 mindən çox fərari oldu. Bir sözlə, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı ilə Azərbaycan beynəlxalq hüququ və öz milli qürurunu bərpa etdi, ədalətsizliyin əbədi davam edə bilməyəcəyini bütün dünyaya nümayiş etdirdi”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycanın iradəsi və qətiyyəti işğaldan, müstəmləkəçilikdən əziyyət çəkən, ədalətsizliklərlə üzləşən bir çox xalqlara nümunədir: “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı ilə Azərbaycan bir daha sübut etdirdi ki, peşəkar, vətənpərvər, milli ruhda tərbiyə olunan və güclü iradəsi olan gəncliyə malik xalqın qarşısında heç bir qüvvə dayana bilməz. O da xüsusi məqam kimi qeyd edilməlidir ki, 44 günlük Vətən müharibəsi zamanı bəlkə də heç bir ölkədə olmayan dərəcədə Azərbaycan cəmiyyəti mühüm və möhkəm birlik nümayiş etdirmişdi”.
“Azərbaycan xalqının 2020-ci ildən başlayan azadlıq müharibəsinin məntiqi yekunu 2023-cü ilin 20 sentyabr tarixində suverenliyin bərpası oldu. Bununla da müstəqilliyini əldə etdikdən sonra daim təcavüzə, işğala, təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamı Azərbaycanın dövlət suverenliyinin möhkəmləndirilməsində mühüm bir mərhələ hesab edilir. Bundan sonra hər il sentyabrın 20-si Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri kimi Dövlət Suverenliyi Günü olaraq qeyd ediləcək.