Analitika

Azərbaycanın enerji siyasəti möhkəm iqtisadi təməllərə söykənir

Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca faktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.

Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.

Azərbaycanda bərpaolunan enerjinin istehsalı üçün böyük potensialın olması bu sahədə mühüm layihələrin həyata keçirilməsinə zəmin yaradır. Təsadüfi deyil ki, “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi də əhəmiyyətli yer alıb. Hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.Bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə xarici investorlar da həvəs və inamla qoşulublar.

Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri – 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilmişdir.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Həyata keçirilən bütün tədbirlər Azərbaycanın enerji siyasətinin mühüm hissəsinə çevrilən bərpaolunan enerji ilə əlaqədar işlərin ardıcıllıqla, inam və uğurla irəlilədiyini göstərir.Yaşıl enerji sahəsində pilot layihələrin də həyata keçirilməsini əlaqələndirən xüsusi komissiya dövlət başçısına layihələrin icrası üçün torpaq sahələrinin ayrılması ilə bağlı təkliflərini təqdim etməli, bu cür layihələrə investisiya qoymaq istəyən investorlara dövlət zəmanətləri barədə təkliflər hazırlamalı və müqavilələr üzrə investorlar qarşısında dövlət zəmanətlərinin icrası tədbirlərini müəyyənləşdirməlidir.

Beləliklə ötən ilin sonunda ölkədə alternativ enerji sahəsində yeni genişmiqyaslı kampaniyaya start verilib. Artıq yaxın illərdə ölkənin elektroenergetikasının əlavə güc və kilovatt qazanacağı faktı bir tərəfdən ölkənin artan elektrik enerjisi tələbatını ödəyəcəyinə, digər tərəfdən isə ixrac həcmini artıracağına şübhə yeri qoymur.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button