Analitika

Azərbaycanın enerji diplomatiyası beynəlxalq əməkdaşlığın mühüm amilidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxvektorlu, balanslaşdırılmış və düşünülmüş xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltmiş və Azərbaycan Cənubi Qafqazda ən güclü dövlətə çevrilmişdir. Ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik olması Azərbaycanın xarici ölkələrlə əlaqələrində mühüm rol oynayır. Bu sahədə ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır. Azərbaycanın qaz ehtiyatlarının artımı son illərdə etibarlı qaz kəmərləri infrastrukturunun yaradılmasını obyektiv zərurət kimi meydana çıxarmışdır. Respublikamız strateji boru kəmərlərinin seçilməsi zamanı həmişə olduğu kimi, yenə də iqtisadi səmərəlilik, siyasi məqsədəuyğunluq və təhlükəsizlik amillərini ciddi şəkildə nəzərə almışdır. Bu zaman həm də enerji sektorunda ölkəmizlə  sıx əməkdaşlıq edən dövlətlərin maraqları da nəzərə alınmışdır. Bütövlükdə enerji faktoru Azərbaycanın beynəlxalq nüfuzuna ciddi təsir edir.

2012-ci ildə TransAnadolu qaz boru kəmərinin (TANAP) tikintisi ilə əlaqədar  Azərbaycanla Türkiyə arasında  sazişin imzalanması,  Azərbaycanın təbii qaz ehtiyatlarına Avropa dövlətlərinin  tələbatın artmasının ifadəsi olan və 2013-cü ildə  TransAdriatik boru kəmərinin – TAP Avropaya  əsas ixrac marşrutu kimi müəyyənləşməsi ölkəmizi  Qərb dövlətlərinin mühüm enerji təminatçısına çevirmişdir. Təqribən üç il öncə  fəaliyyətə başlamış Cənub qaz dəhlizi geniş coğrafiyada enerji təhlükəsizliyinə birləşdirici kəmərlərlə Balkanların enerji təchizatına töhfə verməkdədir. Gələcək perspektivdə, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəmərinin ötürücülük qabiliyyətinin daha da artırılması nəzərdə tutulur. Azərbaycan qazının Avropa bazarına ixrac coğrafiyası genişlənməkdədir. Azərbaycan enerji təchizatında mühüm tərəfdaş kimi Avropada öz mövqelərini praktik olaraq möhkəmləndirir. Cənub Qaz Dəhlizinin işə salınmasından əvvəl bir çox Avropa ölkələri marşrutların və enerji təchizatı mənbələrinin şaxələndirilməsini təmin edən və bununla da Avropanın enerji təminatına mühüm əsalı dəstək nümayiş etdirən bu dəhlizə interkonnektorlar vasitəsilə qoşulmaqda maraqlı olduqlarını bildirirdilər. Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji xəritəsində özünün strateji rolu və yerinə görə seçilməklə bərabər, gələcəkdə digər mühüm transenerji şəbəkələrinin gerçəkləşməsinə də ciddi zəmin yaradacaqdır.

Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. Hazırda Azərbaycan ötən dövrlə müqayisədə “mavi yanacaq” ixracını 45% artırmış və altısı Avropa ölkəsi olmaqla səkkiz ölkəyə təbii qaz nəql edir.

Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı ölkə başçısının qeyd etdiyi kimi: “Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Biz orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.”

Azərbaycan bərpa olunan enerji mənbələrindən istifadə edərək, elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət olunması fikrindədir. Bununlada Azərbaycan hökuməti, əlavə olaraq yüz milyonlarla kubmetr qazın ixrac edilməsi haqqında düşünür. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Dövlət başçısı İ.Əliyev “Euronews” televiziyasına son müsahibəsində Azərbaycanın bərpa olunan enerji layihələri ilə bağlı söyləmişdir:  “Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpa olunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”.

Ağayev İslam,
Xəzər rayonu, 117 saylı məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button