Azərbaycanın ədalətli mövqeyi diplomatik münasibətlərimizin təməlidir
Güclü diplomatik qabiliyyətə sahib dövlət həm döyüş meydanında, həm də masa axrasında qələbə çalmağı bacarır. İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə biz dövlət başçısı İlham Əliyevin diplomatik bacarıqlarının şahidi olduq. Doğru zamanda doğru qərarlar xalqa hər zaman xoşbəxtlik bəxş edər. Ermənistan bugünə qədər sahib olduğu hiyləgər, aldadıcı simasını bir kənara atmağa tərəddüd etməyə davam edir. Bu da regiondakı sülh və əməkdaşlıq məsələlərinə başlıca maneə kimi özünü göstərir. Bu istiqamətdə dövlətimizin mövqeyi açıq və konkretliyi ilə özünü büruzə verir. Dövlət başçısı bu kimi vacib məsələləri daim diqqət mərkəzində saxlamışdı. Nəzər salsaq görərik ki,Ermənistanın növbəti avantürasıda doğru çıxış istiqaməti deyil. Rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi. Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir.
Rəsmi İrəvanın siyasi məsuliyyətsizliyi davam etməkdədir. Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb, indi isə qətnamələrini diqqətə almadığı beynəlxalq qurumdan yardım diləyir. Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümüdür. Rəsmi İrəvanın Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti dövlətimizin siyasi nüfuzunun yüksəkliyini təmin etdi. Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib. Uzunmüddətli, düşünülmüş addılmlar öz sözünü dedi. Bu hadisələri Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirməliyik. Beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı.
Rəsmi İrəvan humanitar məsələləri siyasi məqsədlər üçün istifadə edir. Humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməklə Ermənistan Qarabağda yaşayan etnik erməni sakinlərinin reinteqrasiyasına süni maneələr yaradır. Laçın sərhəd-buraxılış məntəqəsinin təyinatı vacib məsələdir. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Belə ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Məntəqə eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması kimi fəaliyyətin qarşısını almaq məqsədilə yaradılıb. “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib.
Azərbaycanın prinsipial və ədalətli mövqeyi əsas prinsiplərimizdən biridir.Azərbaycan hökuməti Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib.Beynəlxalq Ədalət Məhkəməsinin qərarı da dövlətimizin mövqeyini bir daha təsdiq edib. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. “Dağlıq Qarabağ”da iddia edilən soyqırımı yoxdur.Qondarma “Dağlıq Qarabağ” rejiminin və Ermənistanın gözləntilərinin əksinə BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etmədilər. Rəsmi İrəvanın uzun illərdi ki, dövlətimizə qarşı istifadə etdiyi növbəti təxribatı səmərəsiz oldu. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endirdi. Əldə olunmuş önəmli razılıq dövlətimizin sülh istiqamətindəki mövqeyinin əsas nəticəsidir. Bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də Azərbaycanın mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu.
Ermənistan diplomatik səylərə qəsdən maneçilik törədir.Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və digər fiziki maneələr aradan qaldırılmır. Azərbaycanın mərkəzi hakimiyyət nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinləri arasında Yevlax şəhərində görüşün keçirilməsinə razılıq əldə olunmasına rəğmən Ermənistanın təxribatları səbəbindən sözügedən görüş baş vermədi. Azərbaycan məsuliyyətli ölkə olaraq öz üzərinə düşən tədbirləri görməyə davam edir. 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını və infrastrukturunu Beynəlxalq Qırmızı Xaç Komitəsinətəklif edib.Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar mandatına və nüfuzuna ciddi zərbə vuran fakt bu məsələdəki mövqeyimizi daha da qətiləşdirmişdi. Ermənistan Qırmızı Xaç Komitəsinin vasitəçiliyindən sui-istifadə etməklə Qarabağ bölgəsinə qaçaqmalçılıq yolu ilə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları keçirməyə çalışıb. Bu yolverilməz bir haldır. Yardım məqsədini manipulyasiya aləti kimi istifadə etməkdən çəkinməyən Ermənistan doğru istiqamətə yönəlməlidir. Ermənistanın Beynəlxalq Qırmızı Xaç Komitəsindən siyasi məqsədləri üçün sui-istifadə etməsi açıq şəkildə göstərir ki, regionda beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Sözügedən yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə – “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan, habelə beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir. Ermənistan tərəfindən humanitar bəhanələrlə edilən manipulyasiyalar təxribat xarakterli hərbi fəaliyyətlə eyni zamanda baş verir. Ötən həftələr ərzində beynəlxalq hüququn, o cümlədən Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndi çərçivəsində Ermənistanın öhdəliyinin kobud pozuntusu olaraq, Azərbaycan ərazisində qeyri-qanuni qalan erməni silahlı qüvvələri hərbi-mühəndislik və digər qanunsuz işlərini daha da artırıb. Azərbaycanın suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş radioelektron döyüş texnikasından istifadə xüsusi narahatlıq doğurur. Son həftələr ərzində təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xarici ölkələrin mülki təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.
Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalıdır.Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir.
Gülər İsmayılova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin direktoru