Analitika

Azərbaycanın delimitasiya şərtləri

Sərhədlərin delimitasiyası qonşu dövlətlər arasında dövlət sərhədinin ümumi mövqeyinin və istiqamətinin danışıqlar yolu ilə müəyyənləşdirilməsidir. 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə görə Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığı birmənalı şəkildə təsdiq edilmişdir. 1994-cü ildə atəşkəslə sona çatan Qarabağ müharibəsinin nəticəsi olaraq Qondarma Dağlıq Qarabağ Respublikası kimi təşkil edilmiş, Azərbaycan Dağlıq Qarabağın böyük bir hissəsinə və onun ətrafında olan 7 rayona nəzarəti itirmişdir. Atəşkəsdən sonra da Ermənistan tərəfinin təxribatı nəticəsində sərhəd boyunca dəfələrlə döyüşlər baş vermişdir.

Lakin Azərbaycanın münaqişənin sülh yolu ilə həlli istiqamətində ardıcıl şəkildə nümayiş etdirdiyi səylər Ermənistan tərəfindən, ümumiyyətlə, qiymətləndirilmədi. Əksinə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə və işğalı genişləndirmək üçün fəaliyyətə başladı. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv siyasəti nəticəsində danışıqlar faktiki olaraq mənasız prosesə çevrildi və bu səbəbdən onun davam etdirilməsi mümkün olmadı.

Ermənistanın təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etməsi, Ermənistanda Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edəcək mülki vətəndaşlardan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılması, Ermənistanın müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırışı, bu ölkənin rəsmi şəxslərinin Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna zərbə endirmək hədələri, Ermənistanın müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb etməsi, külli miqdarda silahlar tədarük etməsi və s. Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını açıq şəkildə nümayiş etdirdi. Buna cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı bildirmişdir ki, Qarabağ- tarixi, əzəli Azərbaycan torpağıdır.

İkinci Qarabağ müharibəsi gedişində 30 ilə yaxın işğal atında qalan torpaqlarımız azad edilmişdir. 9 noyabr 2020-ci ilin ikinci Qarabağ müharibəsinin yekunu olaraq imzalanmış kapitulyasiya aktı qanunsuz erməni birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tutur. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır. Beləliklə, bu sənədə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları şəhid vermədən azad edildi, Zəngəzur dəhlizinin yaradılması tarixi zərurətə çevrildi. Bu sazişə qədər Azərbaycanın digər regionları ilə Naxçıvan arasındakı birbaşa nəqliyyat əlaqəsi sadəcə hava yolları vasitəsilə mümkün idi ki, bu nəqliyyat dəhlizinin açılması ilə bu bahalı nəqliyyat vasitəsinə daha ucuz və daha çox ixrac-idxal həcmi qazandıra biləcək alternativ olan avtomobil və dəmiryolu xətlərinin çəkilməsi üçün imkan yaranacaqdır.

İmzalanmış sülh müqaviləsinə baxmayaraq, 16 noyabr 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətmişdir. Təxribat əməliyyatlarına cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır. Bundan əlavə, 2023 cü il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir. Ordumuz tərəfindən görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilmişdir.

Azərbaycan tərəfi dəfələrlə, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan etmişdir. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın Xankəndi və ətraf bölgəsində tezliklə antiterror əməliyyatlarının başlaya biləcəyini anons etmişdir. Erməni terrorçular üçün vaxt məhduddur, rəsmi Bakı uzun müddət gözləməyəcək, əmr verildikdən sonra bu cinayətkarlar həbs edilmək şansına belə, möhtac qala bilərlər. Göründüyü kimi, Azərbaycan Prezidenti Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçular barədə yekun qərarını artıq verib. Rəsmi Bakı erməni terrorçuların qaçmaq imkanlarını bloklayıb. İndi separatçı-terrorçuların da, onların cinayətkar rəhbərinin də iki seçim variantı var: erməni terrorçular ya Azərbaycanın hüquq-mühafizə orqanlarına təslim olaraq, Prezident İlham Əliyevin onların barəsində verəcəyi son qərarı gözləyəcəklər, ya da çox tezliklə Azərbaycan ordusuna antiterror əməliyyatlarına başlamaq əmri veriləcək və bu halda, erməni terrorçular üçün həbs edilmək belə, artıq böyük şansa çevrilmiş olacaq. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalması xalqımızın böyük hərbi-siyasi uğurudur və düşmən tərəf Azərbaycana vurduğu böyük sosial-iqtisadi zərərə görə kompensasiya ödəməyə məcbur ediləcək!

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button