Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.
Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə – iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır. Azərbaycanın enerji təhlükəsizliyinin əsas istiqamətlərindən biri də ölkənin elektrik enerjisinə olan daxili ehtiyacının fasiləsiz təmin edilməsindən ibarətdir. Bu məqsədlə son illərdə qarşıya qoyulmuş əsas vəzifələr milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılmasından ibarətdir.
Müstəqillik illərində, xüsusən də 2001-ci ildən başlayaraq Azərbaycanın milli elektrik enerji sistemi, enerji istehsal edən əksər strukturları yenidən qurulmuş, ölkədaxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirilmiş, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyaları tikilmişdir. Bu da nəinki ölkənin elektrik enerjisinə olan illik təxminən 18 milyard kvt/saat daxili tələbatını ödəməyə, eyni zamanda, qonşu ölkələrə 2 milyard kvt/saata yaxın enerji ixrac etməyə imkan vermişdir. Azərbaycan bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan iki ölkədən biridir. Hazırda onun həyata keçirdiyi enerji siyasətinin məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir. Son illərdə dünya enerji satışı bazarında çəkisini və rolunu xeyli dərəcədə gücləndirməsi Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırmışdır. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur.
Orxan Abdullazadə,
YAP-ın gənc fəalı