Analitika

Azərbaycanda müsbət siyasi proseslər gedir.

Siyasi partiyalar siyasi sistemin əsas güzgüsüdür. Həqiqətən, çox sevindirici haldır ki, siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradacaq yeni qanun qısa müddətdə hazırlandı və parlament tərəfindən qəbul edildi. Üstəlik, yeni qanunun siyasi partiyaların nüfuzunun yüksəlməsinə də ciddi şəkildə təsir ­edəcəyinə inanıram.Yeni qanun eyni zamanda siyasi qüvvələr arasında faydalı və mövcud siyasi konfiqurasiyanın ahənginə uyğun olan şəffaf münasibətlərin formalaşması üçün də zəmin yaradacaq. Prezident Administrasiyasında müvafiq şöbə yaranandan sonra siyasi partiyalara münasibətdə yaxşıya doğru çox ciddi dəyişikliklər var. Hamının arzuladığı qanun, nəhayət, qəbul edildi və siyasi partiyaların fəaliyyətində faydalı rolunu oynayacaq.  “Siyasi partiyalar haqqında qanun”  yeni çağırışlara cavab verir və siyasi partiyaların fəaliyyətini əngəlləmir. Neçə illərdir qanunun dəyişdirilməsini tələb edirdik. Mitinqlərdə belə bu tələb tez-tez səslənirdi. Qanunun dəyişməsi labüd və lazım idi. Onu da nəzərə alaq ki, son zamanlar siyasi partiyalarla iqtidar arasında dialoq mühiti yaranıb və nəticədə birincilərin qərarvermə məsələlərinə təsiri yüksəlib. ayrı-ayrı siyasi qurumlar və şəxslər bu qanunun üzərinə kölgə salmaq istəyir. Digər tərəfdən, ölkəmiz qarşısında nəzərə alınması vacib ciddi çağırışlar var. Eyni zamanda, partiyaların maliyyələşməsinə müasir yanaşmaların da diqqətə alınması vacibdir. Çünki bu, partiyalara stimul verəcək. Qanun Milli Məclisdə ictimai müzakirəyə də çıxarılıb. Tədbirdə 40-a yaxın siyasi partiya rəhbəri, 20-yə yaxın deputat və parlamentin iki vitse-spikeri iştirak edib. Bu, özlüyündə çox vacib bir məqamdır. Orada iştirak edən partiyaların çoxu heç Milli Məclisin binasında olmamışdı. Çox ciddi, dinamik müzakirə getdi. Sərt tənqidlər səsləndirildi, çox xoş sözlər deyildi, təkliflər verildi. Bu müzakirə, həm də Azərbaycanda siyasi plüralizmin inkişafına dəstək vermiş oldu  və siyasi partiyalar arasında fikir formalaşdırdı ki, doğrudan da, Azərbaycanda müsbət siyasi proseslər gedir. Bu qanun siyasi proseslərin daha da dərinləşməsinə vətandaşların onlara qoşulmalarına şərait yaradır.

Nurlan Hüseynov,
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button