Azərbaycanda idmanın inkişafı ölkədə sağlam ruhlu gəncliyin yetişməsinə təsir etmişdir
“Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələr kimi idman da uğurla inkişaf edir. Qeyd edək ki, dövlətimizin diqqət və qayğısı bu sahənin inkişafını təmin etməklə yanaşı, idman sahəsində çoxsaylı nailiyyətlərin əldə edilməsinə də təkan verib. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Əldə olunan nəticələr də onu deməyə əsas verir ki, idman sahəsində inkişaf olduqca uğurlu gedir. Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində mühüm nəticələr əldə ediblər. Beləliklə, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan idmanının inkişafı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, regionlarda idman infrastrukturlarının sayı gündən-günə artır. Bu isə ölkəmizin idman sahəsində nailiyyətlər əldə etməsi ilə yanaşı, sağlam gəncliyin yetişməsində də mühüm rol oynayır”.
Bunu “Aktualinfo.az“a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycanın dünyada tanınmasında idman da özünəməxsus yer tutur. Ölkəmizdə idmanın inkişafının dayanıqlı xarakter alması beynəlxalq idman qurumları – Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar tərəfindən də yüksək qiymətləndirilir. Bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməyimiz, idmançılarımızın Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında yüksək nəticələr qazanması, əldə etdikləri uğurlu nəticələr müstəqil Azərbaycanın dünyadakı nüfuzuna müsbət təsir göstərib. – deyən Rəşadət Xalıqov əlavə edib ki, məhz buna görə beynəlxalq idman təşkilatları bizimlə əməkdaşlığa maraqlıdır. Bunun da səbəbi ölkəmizdə hökm sürən sabitlik və təhlükəsiz mühitdir.
Bütövlükdə dövlətin idman siyasətinin sağlam ruhlu gəncliyin yetişməsinə xidmət etdiyini bildirən Rəşadət Xalıqovqeyd edib ki, bu siyasətin nəticəsində Azərbaycanda son 30 ildə yetişən gənclik müstəqil fikirli, azad düşüncəli olmaqla yanaşı, həm də fiziki hazırlıqlı və sağlam ruhludur. Bu özünü Vətən Müharibəsində də göstərdi. Bu gənclər üçün ən böyük stimul isə dövlətin onların yanında olmasıdır. Təsadüfi deyil ki, Cənab Prezident mütəmadi olaraq idmançılarla görüşür, onlara öz tövsiyələrini verir. Bu il də ölkə başçısının idmançılarla görüşü bu baxımdan olduqca əhəmiyyətlidir:
“Bütün bunlara əsasən deməliyik ki, dövlətimizin uğurlu idman siyasəti, milli maraqlarımıza uyğun şəkildə həyata keçirilir. Bu sahədə qazandığımız uğurlar bizə daha böyük imkanlar açacaq. Bütün sahələrdə qazandığımız qələbələrin sayı daha da artacaq”.