Analitika

Azərbaycanda dünya səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb

Azərbaycanda dünya səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər, həm, mahiyyət, həm də, müzakirə olunan mövzuların aktuallığı  baxımından diqqət doğurur. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi dəstək olunub və təsdiqlənib. Nəzərə çatdırım ki, Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır.

COP29 bir sıra istiqamətlərdə – Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir. Azərbaycanda energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığı təşviq edəcək. Başqa sözlə, Azərbaycan körpülər yaradacaq, o cümlədən “yaşıl enerji”yə keçidlə və iqlim dəyişikliyi ilə bağlı dünyada hər kəs gündəliyimizin “yaşıl enerji” ilə bağlı olduğunu bir daha görəcək. COP29 beynəlxalq konfrans kimi məsuliyyətli bir tədbirdir. Bu tədbirin keçirilməsinə az vaxt qalsa da, hazırlıq işləri yüksək səviyyədə təşkil olunur.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button