Analitika

Azərbaycana gələn Qərbin neft şirkətləri ölkəmizin neft və qaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər

Ötən illər ərzində ölkəmizlə, neft sənayemizlə birgə inkişaf edərək genişlənən, şaxələnən, yeni sahə və mövzularla əhatə olunan Xəzər Beynəlxalq Neft və Qaz Sərgisi bu dəfə həm də bir neçə əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, bu il ölkəmizin neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasının 30 ili tamam olacaq. Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təsis edilməsindən də 30 il ötür. Daha bir önəmli fakt odur ki, budəfəki sərgilər və forum Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin yaşandığı dövrdə keçirilir. Nəhayət, bu il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcək. Təbii ki, bu əlamətdar hadisələrin hər biri Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapacaq.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulmasına, təcrübə mübadiləsinə və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək göstərir. Builki sərgidə də Xəzər regionunun əsas neft-qaz layihələri və regionun enerji təhlükəsizliyi məsələri müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. Daxildir “Caspian Power” sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və “yaşıl enerji” mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yenilikləri və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş və külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş etdiriləcək.

Bakı Enerji Forumunda da Azərbaycan və Xəzər regionu üçün vacib enerji məsələləri gündəmdə olacaq. 600-dən çox nümayəndənin qatılacağı bu tədbirdə “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq”, “Enerji təhlükəsizliyi 2.0”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı”, “Yeni texnologiyalar və rəqəmsallaşdırma”, “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi mövzular müzakirə ediləcək.COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Ulu Öndər Heydər Əliyev 30 il əvvəl keçirilən ilk sərgidə özünəməxsus qətiyyətlə nəzərdə tutulan böyük işlərin uğurlar gətirəcəyini bildirirmişdi: “Bu tarixdən böyük fəxrlə danışmaqla, Azərbaycan neftçilərinin bir çox nəsillərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, bu gün eyni zamanda qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında yeni mərhələ açılır. Bu mərhələ Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Qərbin iri neft şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan neftçiləri sizin layiqli tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft şirkətləri ölkəmizin neft və qaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər”.

Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button