Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir

Bərpa olunan mənbələrdən (külək, günəş, su, biokütlə və sair) alınan enerjiyə keçidlə bağlı qəbul edilən beynəlxalq konvensiyalara qoşulan Azərbaycan da dünyanı karbon qazı emissiyalarından xilas etmək prosesinə öz töhfəsini verməyə çalışır. Düzdür, Azərbaycanda yaşıl enerji mənbələrindən biri olan su elektrik stansiyalarının tikintisi hələ Sovet dövründə həyata keçirilsə də, bu yolla əldə olunan enerjinin payı ümumi enerji istehsalında çox cüzi olmaqda davam edir. Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə üçün çox böyük potensial var. Bu potensial nəzərə alınaraq 2030-cu ilə qədər ölkəmizin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerjinin payının 30 faizə çatdırılması hədəflənir. Bu hədəfə çatmaq üçün hazırda bir sıra islahatlar həyata keçirilir, xarici şirkətlərdən bu sahəyə investisiya cəlbi üzərində işlənilir.
Azərbaycanda yaşıl enerji keçid prosesini daha sürətləndirəcək başlıca amil isə işğaldan azad olunmuş ərazilərdə enerji təchizatının tamamilə bərpaolunan mənbələr hesabına həyata keçirilməsi olacaq. Bununla bağlı Prezident İlham Əliyev hökumətə xüsusi tapşırıq verib: “Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var. Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim. Kifayət qədər imkanlar var”.
Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerji istehsalı üçün kifayət qədər geniş imkanlar var. Bu ərazilər Günəş, külək və su ehtiyatları ilə zəngindir. Hesablamalara görə, Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi, yəni ildə təqribən 2 milyard 560 milyon kubmetr su ehtiyatları bu ərazidə formalaşır. Hələ Sovet dövründən bu ərazilərdə su elektrik stansiyaları inşa olunmuşdu. İşğalda olduğu müddətdə də Kəlbəcər, Laçın rayonlarında ermənilər belə stansiyalar qurmaqla Ermənistanın ucuz enerji ilə təchizatını təmin edirdilər. Hazırda bu ərazilərdə 30-dək kiçik su elektrik stansiyaları mövcuddur. Lakin onların çoxu istifadəyə yararsız vəziyyətə salınıb. Azərbaycan Laçın rayonundakı Güləbird SES-in fəaliyyətini bərpa edib, digər stansiyalarda da işlər aparılır.
Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan MR ərazisindən sonra ikinci yerdədir. Burada bir kvadrat metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kilovatsaat təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 4000 meqavatdan çoxdur.
Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Xüsusilə Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatadək qiymətləndirilir.
Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Ölkənin bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Keçən ilin oktyabr ayında Azərbaycanda gücü 230 meqavat olan ilk böyük Günəş Elektrik Stansiyasının açılışı keçirilib. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək ölkəmizdə 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırılır.
Qeyd edilib ki, Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir.
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb.
Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, 50 MVt-ı ilkin mərhələdə, 50 MVt-ı isə növbəti mərhələdə olmaqla, ümumilikdə 100 MVt həcmində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır. Energetika Nazirliyi və İspaniyanın “Elecnor” şirkəti arasında da əməkdaşlıq sənədi imzalanıb. Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu Qaradağ rayonunda 70 MVt gücündə külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi sahəsində əməkdaşlığı əhatə edir. Bu çərçivədə külək ölçmə məlumatlarının toplanması və təhlili, həmçinin enerji saxlanc sistemi də daxil olmaqla, külək və günəş enerjisi layihələrinin inkişafı üzrə də əməkdaşlıq ediləcək.
Azərbaycanda yaşıl enerjiyə keçid prosesi gec də olsa, sürətlənir. Bu isə yaxınmüddətli dövrdə ölkədə biznesin inkişafı üçün yeni imkanlar yaradacaq. Azərbaycan biznesinin bu imkanlardan bəhrələnmək üçün indidən fəaliyyətlərə başlaması, müvafiq ixtisaslaşmaların təmin olunması zəruridir.
Hüseynova Mehriban,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi



