Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi

2020-ci ildə baş vermiş “Zəfər müharibə”si müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev 44 günə böyük bir tarixi zəfər qazanmışdır. Ancaq müharibənin Ermənistanın tam məğlubiyyəti ilə başa çatmasına baxmayaraq, işğalçı ölkənin tərəfdarları Xankəndidə yuva salmış quldur rejimin qalıqlarının qorunub saxlanması üçün canfəşanlıq göstərməyə başladılar. Bu məkrli planın müəllifləri rəsmi Bakıya qarşı açıq-aşkar güclü siyasi təzyiqə əl atmaqdan da çəkinmədilər. Lakin heç bir siyasi manipulyasiyalara yol verməyəcəyini vurğulayan Azərbaycan ərazi bütövlüyünün bərpasına mane olacaq istənilən cəhdin qarşısını alacağını çəkinmədən dünyaya bəyan etdi. Belə də oldu, Ermənistanın üç il ərzində sülh danışıqları ətrafında ancaq imitasiya ilə məşğul olduğunu və bu müddət ərzində qoşun hissələrini Qarabağdan çıxarmadığını, əksinə, mina terroru həyata keçirdiyini, habelə digər təxribatçı fəaliyyət göstərdiyini diqqətə alan Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri,eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər zərərsizləşdirildi.
Sentyabrın 28-də isə Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü ləğv etdiyini elan etdi. Zəfər müharibəmizin üçüncü ildönümünə bir qələbə daha əlavə olundu. Belə ki, Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Eyni zamanda, uzun müddət erməni əsarətində qalan Xankəndidə qalib ordunun Zəfər paradı bütün anti-Azərbaycan qüvvələri üçün ərazi bütövlüyümüzün yekun möhürü oldu. Dövlətimizin başçısının Xankəndi paradında çıxışında, səsləndirdiyi bəyanatlar bizə bir daha qalibiyyətin, yenilməzliyin qürurunu yaşatdı.
Azərbaycan lideri İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi Zəfər Gününə daha bir zəfər, bayram əlavə etdi. Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Bunu beynəlxalq hüquq çərçivəsində etdi. İndi üçrəngli bayrağımız bütöv Azərbaycanın səmasında dalğalanır. Bu tarixi qələbəyə görə xalqımız Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və onun məğlubedilməz ordusuna borcludur.
Əliyeva Mənsumə,
Xəzər rayonu, 121 №li məktəbin müəllimi