
Ulu Öndər Heydər Əliyevin bu fikirləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yalnız siyasi hadisə deyil, həm də dərin ictimai-mədəni proseslərin nəticəsi olduğunu vurğulayır. Onun sözlərinə əsasən, XIX əsrin sonu və XX əsrin əvvəllərində xalq arasında artan azadlıq arzusu və milli düşüncə cümhuriyyət ideyasını doğuran əsas səbəblərdən biri idi. Bu, xalqın təkamülünün, milli şüurunun oyanmasının məntiqi nəticəsi idi.
O dövrün maarifçi və mütəfəkkir ziyalıları – Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlər – cəmiyyətin milli kimliyini formalaşdırmaqda mühüm rol oynadılar. Qələm və söz vasitəsilə millətə kim olduğunu xatırlatdılar, milli özünüdərkin güclənməsinə təkan verdilər. Bu düşüncə atmosferi Azərbaycan xalqını azad və müstəqil yaşamaq ideyasına hazırladı.
Heydər Əliyevin çıxışında xüsusi vurğulanan məqam odur ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın öz daxili iradəsinin məhsulu idi. Yəni bu dövlət hansısa təsadüfi, kənar qüvvələrin diktəsi ilə deyil, xalqın öz içindən doğan milli azadlıq ruhunun ifadəsi olaraq yaranmışdı. O, bu tarixi faktı həm qürur mənbəyi, həm də gələcək nəsillər üçün örnək kimi dəyərləndirirdi.
Məhz bu baxımdan, Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini tariximizin şərəfli bir mərhələsi kimi təqdim etməklə yanaşı, onun ideoloji və mənəvi varisliyini də əsas götürürdü. Milli ruhun dirçəlişi ilə başlayan bu yol, dövlətçiliklə nəticələndi və bu günün müstəqil Azərbaycan Respublikasının təməlini təşkil etdi.
Günay Şahverdiyeva,
YAP Xəzər rayon təşkilatının fəalı