
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi cənab To Lamın ölkəmizə səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü iki ölkə arasında mövcud münasibətlərin keyfiyyətcə daha irəli mərhələlərə daşınması, eləcə də gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından olduqca əhəmiyyətli olmuşdur. Qeyd edilən məqamları cənab Prezidentin görüş sonrası verdiyi bəyanatın ana xətlərində də görmək mümkündür. İlk olaraq təşkil olunmuş səfərin potensial müsbət nəticələrindən əminliyini ifadə edən cənab Prezident Azərbaycan və Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusi qeyd etmişdir. Ticarət, mədəniyyət, təhsil, nəqliyyat, energetika və digər bir çox istiqamətlər üzrə danışıqların ölçüləbilən nəticələrə gətirib çıxaracaq rəsmi sənədlərdə öz əksini tapması ilə bağlı xüsusi məmnunluq ifadə olunmuşdur. Həmçinin cənab Prezident tərəfindən qeyd edilmişdir ki, tərəflər arasında əldə olunmuş razılaşma əsasında tezliklə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi mövcud əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəkdir. Hazırda daha çox neft satışının dinamikasından asılı olan ticarət dövriyyəsinin digər sahələrə investisiya cəlbi vasitəsilə daha da artırılmasının vacibliyi vurğulanmışdır. Bu məqsədə nail olunması üçün qarşılıqlı informasiya mübadiləsinin, eləcə də biznes subyektləri üçün sözügedən istiqamətlər üzrə qanunvericilik, vergi inzibatçılığı kimi sahələrlə bağlı məlumatların əlçatanlığının təmin olunması cənab Prezident tərəfindən tövsiyə olunmuşdur.
Bəyanatda ticarət və iqtisadi əməkdaşlıqla yanaşı beynəlxalq arenada birgə fəaliyyət məsələlərinə də toxunulmuşdur. Ölkəmizin 4 illik uğurlu sədrliyi ilə xüsusi nüfuz qazanmış Qoşulmama Hərəkatı çərçivəsində, həmçinin BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquq prinsipləri əsasında və dayanıqlı sülh naminə birgə addımların atılmasının vacibliyi diqqətə çatdırılmışdır. Ölkə başçısı siyasi-diplomatik addımlar zamanı ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunmazlığının prinsiplərinin mütləq şəkildə qorunmalı olduğunu bildirdi. Əlavə olaraq, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycan-Vyetnam əlaqələrinə müsbət təsir edəcəyi ilə bağlı inam ifadə olunmuşdur.
Ülvi Həsənzadə,
YAP Şuşa rayon təşkilatının 44 saylı ərazi partiya təşkilatının sədri