Analitika

Azərbaycan və Türkiyə bütün sahələrdə əməkdaşlığı genişləndirmək yolunda irəliləyirlər

Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik qardaş ölkələr – Azərbaycan və Türkiyənin qarşılıqlı əlaqələri dostluq, səmimi münasibətlər, etimad və yüksək səviyyəli əməkdaşlıq əsasında daim möhkəmlənməkdədir. Ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi “bir millət, iki dövlət” olan bu iki dövlət arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqdadır. Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. 2023-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan-Türkiyə birliyinin daha da möhkəmləndirilməsi və ölkəmizin Qarabağdakı mövqeyi ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Bildiyimiz kimi, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyənnaməsi imzalanmışdır. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Görüşdə Azərbaycan ordusunun daha da təkmilləşməsi üçün onun Türkiyə ordusu modelində inkişaf etdirilməsi məsələsi yenidən müzakirə olunmuşdur. Belə ki, cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.

Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artmaqda davam edir. Bu özünü xüsusilə enerji sahəsində daha qabarıq şəkildə göstərir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi hazırda Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır və bundan sonra da artacaq. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün qaz, neft, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.

Qeyd olunanlarla yanaşı, görüşdə Orta Dəhlizin önəmi bir daha vurğulanmışdır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.

İki ölkə təhsil sahəsində də əməkdaşlığı genişləndirmək yolunda irəliləyirlər. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən bildirib ki, Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük önəm daşıyır. Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin görüşdə ən yadda qalan mesajları bunlar oldu: Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğunun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır.

Ümumiyyətlə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.

Günəş Abbasova,
Xəzər rayonu, 256 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button