Azərbaycan və Türk Dövlətləri Təşkilatı arasındakı münasibətlərin möhkəmləndirilməsi
Azərbaycan Respublikası beynəlxalq əlaqələr çərçivəsində Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətlərə xüsusi önəm verir. Regionun türkdilli dövlətlərinin qarşılıqlı əlaqələrinin ən böyük təcəssümü Türk Dövlətləri Təşkilatıdır. Təşkilat 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Ölkəmiz həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini vermişdir. Bu istiqamətdə Türk Şurasının yaradılması ilə bağlı sazişin ölkəmizdə imzalanması ən böyük nümunədir. Təşkilatın təməlləri üzv dövlətlər arasında tarixi dostluq və qardaşlıq əlaqələrinə dayanır. Təşkilatın əsas məqsədi tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda sülhün bərqərar edilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsidir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) qurumsal mərkəzləri Bakı, İstanbul və Astanadır. Təşkilatın müəyyən müddətlərdə zirvə görüşləri keçirilir. Sonuncu zirvə görüşü 2023-cü il 3 noyabr tarixində keçirilmişdir. Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri baş tutmuşdur. Təşkilatın Astanada baş tutan “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə Prezident İlham Əliyev çıxış etmişdir. Çıxışı zamanı o təşkilatın təməllərindən, üzv dövlətlər arasındakı münasibətlərdən, Ermənistan-Azərbaycan münaqişəsindən və Azərbaycanın son illər ərzində qazandığı uğurlardan bəhs etmişdir. İlham Əliyev üzv ölkələr arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikirlərini də bildirmişdir.
Azərbaycan Respublikasının belə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi onun gələcək inkişafı üçün xüsusi əhəmiyyətə malikdir.
Zərxanım Abbasova,
YAP-ın fəalı